Vergi işçiləri intellektual oyunlara qatılıblar

2019.07.09 14:25 (UTC+04:00)

Vergilər Nazirliyinin əməkdaşları Şamaxı şəhərində səfərdə olublar. Səfərin məqsədi nazirlik əməkdaşları arasında birlik ab-havasının yaradılması, kollektivdə işləmə mədəniyyətinin yüksəldilməsi, komanda ruhunun saxlanılması, səmimi həmkar münasibətlərinin formalaşdırılması və nəticədə işçi heyətin işə motivasiyasının artırılması idi.

Səfər çərçivəsində vergi əməkdaşları nazirliyin Tədris Mərkəzində olublar. Orada əməkdaşlar arasında interaktiv intellektual oyunlar keçirilib. Tədbirdə 2019-cu ilin birinci rübündə Vergilər Nazirliyinin aparatında fərqlənmiş 28 nəfər əməkdaş iştirak edib. İşçilərin qərar qəbuletmə, vaxtdan səmərəli istifadə, stressin idarə olunması, məntiq, düşüncə, dünyagörüşü və digər göstəricilərinin inkişaf etdirilməsinə imkan yaratmaq qabiliyyətlərinin inkişaf etdirilməsinə yönəldilmiş oyunlarda qalib gələn komandalar pul mükafatı və qiymətli hədiyyələr qazanıblar.