Yekaterinburqda "Azərbaycan şərab evi" açılıb

2019.07.09 10:14 (UTC+04:00)

Rusiyanın Yekaterinburq şəhərində "Azərbaycan şərab evi"nin açılışı olub. Açılış mərasimində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev, Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov, Azərbaycan sahibkarları və Rusiyanın şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, "Azərbaycan şərab evi"nin daimi fəaliyyət göstərən sərgisində Azərbaycan şirkətlərinin istehsalı olan 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. təqdim edilir. Qeyd edək ki, Yekaterinburq şəhərində açılmış bu müəssisə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və ölkəmizin Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə yaradılmış üçüncü "Azərbaycan şərab evi"dir. Bu ünvan yerli məhsullarımızın ixracının dəstəklənməsi, "Made in Azerbaijan" brendinin təşviqi, həmçinin ölkəmizin şərab və digər spirtli içki məhsullarının Rusiya bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, əlaqələndirməni həyata keçirəcək.