Vergilər nazirinin müavini Sahib Ələkbərov media nümayəndələrini salamlayaraq Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin artıq təsdiq olunduğunu, 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcəyini bildirib. Qeyd olunub ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərin geniş ictimaiyyətə və sahibkarlara ətraflı şəkildə çatdırılması ölkə başzısı tərəfindən Vergilər Nazirliyi qarşısında qoyulan mühüm tapşırıqlardan biridir: "Hazırda qarşımızda duran əsas vəzifələrdən biri də Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyətinin vergi ödəyicilərinə nə verə biləcəyinin onlara çatdırılmasıdır. Bu məqsədlə vergi orqanları tərəfindən geniş məlumatlandırma və maarifləndirmə işləri aparılır və onların miqyası yeni ildən daha da genişləndiriləcək.
Vergilər naziri Mikayıl Cabbarov özü 3 televiziya kanalında - bir dövlət, bir ictimai və bir özəl telekanalda geniş müsahibə verərək hələ dəyişikliklər qəbul edilməmişdən əvvəl bu dəyişikliklərin nəyə görə zəruri olduğunu, fəlsəfəsi və hədəfləri barədə fikirlərini bölüşüb. Nazir həmin müsahibələrində yeni dəyişikliklərin ayrı-ayrı istiqamətləri barədə geniş məlumatlar verib. Ekspertlərlə, vətəndaş cəmiyyətinin nümayəndələri ilə nazirliyin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə səmərəli görüşlər keçirilib.
Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsinə başlanandan keçən müddət ərzində müxtəlif televiziya kanallarında həmin dəyişikliklərlə bağlı 100-dən çox süjet və nazirliyin rəhbər vəzifəli şəxslərinin çıxışları efirə verilib, saytlarda və qəzetlərdə çoxsaylı yazılar yer alıb. Vergilər nazirinin televiziyalardakı müsahibələri və nazirliyin rəhbər vəzifəli şəxslərinin çıxışları, habelə dəyişikliklərlə bağlı bir çox sənədlər, o cümlədən Vergi siyasəti departamenti tərəfindən hazırlanmış xüsusi təqdimat, habelə "Vergi Məcəlləsində edilmiş dəyişikliklər suallar və cavablarda" adlı kitabça elektron qaydada nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib və maraqlananlar istədikləri vaxt www.taxes.gov.az saytına daxil olmaqla həmin materiallarla tanış ola bilərlər. Artıq yerlərdə nazirliyin və vergi orqanlarının əməkdaşlarının vergi ödəyiciləri ilə görüşlərinə start verilib. Bu qəbildən olan ilk görüşlərdən biri Naxçıvan şəhərində keçirilib. Hesab edirəm ki, bugünkü mətbuat konfransı da Məcəllədəki dəyişikliklərlə bağlı vergi ödəyicilərini maraqlandıran suallara aydınlıq gətirilməsində mühüm rol oynayacaq".
Məcəllədəki dəyişikliklərdə güzləntiləri diqqətə zatdıran S.Ələkbərov vurğulayıb ki, sahibkarların tam olaraq qanun çərçivəsində fəaliyyət göstərməsinə mane olan səbəblərin aradan qaldırılması və onların qanunvericiliyin tələblərinə əməl etməsi üçün məcəlləyə stimullaşdırıcı maddələr əlavə olunub, paralel olaraq qanunu bilərəkdən pozan, əvvəlcədən düşünülmüş şəkildə vergidən yayınmağa cəhd göstərən vergi ödəyicilərinə tətbiq olunacaq sanksiyalar sərtləşdirilib. O da qeyd olunub ki, Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərlə bağlı qanun pozuntusuna yol vermiş vergi ödəyicilərinə qarşı bu hala birinci dəfə rast gəlindikdə sanksiya tətbiq edilməyəcək və yalnız yazılı xəbərdarlıq olunmaqla kifayətləniləcək, sanksiyalar qanun pozuntusuna ikinci dəfə və daha çox halda yol verildikdə tətbiq ediləcək.
Nazir müavini qeyd edib ki, vergi ödəyicilərini intizamlı, qanunvericiliyin tələblərəinə əməl edən və əksinə, qanunları pozmaqla vergilərdən yayınmağa çalışan iki hissəyə bölmək olar. "Məcəlləyə edilmiş dəyişikliklərin heç biri fəaliyyətini mövcud qanunlar çərçivəsində quran vergi ödəyicilərinin vəziyyətinin pisləşməsinə yönəlməyib, əksinə, onlar yeni güzəştlər və stimullaşdırıcı tədbirlər hesabına daha rahat işləyərək daha çox gəlir və mənfəət əldə etmək imkanları qazanacaqlar. Göründüyü kimi, məqsəd heç də kimisə cəzalandırmaq deyil, elə bir şərait yaratmaqdır ki, hamı dövlətin qanunlarına əməl etsin, qanun pozuntusuna bilərəkdən yol verənlər isə öz üzərlərində qanunun gücünü mütləq hiss edəcəklər ki, bu da ədalətli yanaşmadır".
Sonra Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətləri barədə təqdimatlı çıxış edib. Təqdimatda dəyişikliklərin əsasən 5 istiqaməti əhatə etdiyi vurğulanıb:
• sahibkarlığın inkişafının dəstəklənməsi;
• "kölgə iqtisadiyyatı"nın azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması;
• vergitutma bazasının genişləndirilməsi
• vergi inzibatçılığının təkmilləşdirilməsi;
• vergi güzəştlərinin iqtisadi səmərəliliyinin yüksəldilməsi.
Əmək bazarının leqallaşdırılması məsələlərinin iqtisadi stimullar
verilməsi yolu ilə həll olunacağı gözlənilir
Qeyd edilib ki, bu istiqamətlər arasında, ilk növbədə, sahibkarlığın inkişafının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Dəyişikliklərə uyğun olaraq, yanvarın 1-dən sadələşdirilmiş vergi ölkə üzrə vahid dərəcə ilə tətbiq olunacaq: "Bu vaxta qədər sadələşdirilmiş vergi dərəcəsi Bakı şəhərində dövriyyənin 4 faizi, regionlarda isə 2 faizi həddində müəyyən edilmişdi. Gələn ildən isə ölkə üzrə sadələşdirilmiş vergi dərəcəsi vahid dərəcə - 2 faiz dərəcəsi ilə hesablanacaq. Bundan əlavə, mikrosahibkarlıq fəaliyyəti subyektlərinin gəlirlərinin və mənfəətinin 75 faizi vergidən azad olunur. Həmin kateqoriyaya daxil olan şəxslərin əmlak vergisindən tam azad edilməsi də qanunvericilikdə təsbit olunub".
Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin meyarları müəyyənləşib
Əvəz Quliyev qeyd edib ki, Nazirlər Kabineti artıq "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nı təsdiq edib. Həmin sənədə əsasən, mikrosahibkarlıq subyekti dedikdə, işçilərinin sayı 10 nəfərə, illik dövriyyəsi 200 min manata qədər olan hüquqi şəxslər və fərdi sahibkarlar nəzərdə tutulur. Kiçik sahibkarlar 11-50 işçisi və 3 milyon manatadək dövriyyəsi olanlardır. İşçi qüvvəsi 51 nəfərdən 250 nəfərədək, illik dövriyyəsi 3-30 milyon manat olanlar orta sahibkar, işçilərinin sayı 251-dən, illik dövriyyəsinin həcmi 30 milyon manatdan çox olanlar isə iri sahibkar hesab olunurlar.
Media təmsilçilərinin nəzərinə çatdırılıb ki, sahibkarlığın inkişafının dəstəklənməsi tədbirləri çərçivəsində dəyişikliklərdən biri də inzibati şikayətlər zamanı vergi orqanının hesabladığı vergi məbləğlərinin vergi ödəyicilərinin bank hesabından silinməsinin qadağan olunmasıdır. Hazırda qüvvədə olan qanunvericiliyə görə, vergi orqanı sahibkara qarşı sanksiya tətbiq etdikdə həmin vəsait dərhal sahibkarın bank hesabından silinirdi. Sonradan məhkəmə çəkişməsi zamanı vergi ödəyicisi haqlı sayıldığı hallarda, həmin vəsaitin geri qaytarılması müəyyən vaxt tələb edirdi və sahibkarların narazılığına səbəb olurdu. Gələn ildən isə vergi ödəyicisi vergi orqanından şikayətçi olduğu zaman onun bank hesabından vəsaiti silinməyəcək: "Bank hesabından pulun silinməsi yalnız məhkəmənin qərarı ilə həyata keçiriləcək. İndiyə qədər vergi ödəyicisi 30 gün ərzində məhkəməyə şikayət etdiyi halda, onun bank hesabındakı vəsaitinin silinməsi dayandırılırdı. Bundan sonra isə həmin qayda inzibati şikayətlərə də şamil olunacaq. Yəni vergi ödəyicisi vergi orqanının hesablamalarından Vergilər Nazirliyinə şikayət verdiyi halda, onun bank hesabından vəsaitin silinməsi dayandırılacaq. Bu qayda ƏDV depozit hesabından vəsaitlərin silinməsindən imtina edilməsi və həmin vəsaitlərin dondurulmasına da tətbiq olunur".
Qeyd edilib ki, mühasibat uçotunu elektron formada aparanlar da güzəşt əldə edəcək. Gələn ilin yanvarından mühasibat uçotunu elektron formada aparan vergi ödəyicilərinə tətbiq olunan maliyyə sanksiyasının həcmi 50 faizdən 25 faizə endirilməklə onlar müəyyən üstünlük qazanacaqlar. Dəyişikliklər sırasında düzgün uçot aparan ƏDV ödəyicisi olmayan şəxslərin təsisçisinin dividend gəlirlərinin vergidən azad edilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə sahibkara güzəştin verilməsi də var. Vergi Məcəlləsinə vətəndaşlar tərəfindən pərakəndə ticarət və iaşədə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizinin, kassa çeki təqdim olunduqda nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizinin qaytarılması barədə müddəa daxil edilib.
İqtisadiyyatın şəffaflaşması mühüm şərtdir!
Məcəlləyə edilmiş dəyişikliyə əsasən, pərakəndə ticarətdə və iaşədə nağdsız ödənişlər üzrə sahibkarlara güzəştlər ediləcək. Ofisiant, bərbər, dərzi fəaliyyəti ilə məşğul olan şəxslər isə gəlirindən asılı olmayaraq sabit qəbz sisteminə keçəcəklər. Əvəz Quliyev bildirib ki, dəyişikliklərə uyğun olaraq, qeyri-neft sektorunda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükü əhəmiyyətli dərəcədə azaldılacaq: neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən müəssisələrdə çalışan fiziki şəxslərin gəlirləri 8.000 manatadək olduqda verginin dərəcəsi 0 faiz təşkil edəcək. Həmin məbləğdən yuxarı əməkhaqqı alanlar isə əməkhaqqının 8.000 manatdan artıq hissəsi üzrə 14 faiz həcmində vergi ödəyəcəklər. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, muzdlu işlə əlaqədar gəlir əldə edən şəxslərdən tutulan sosial sığorta haqlarının həcmi fəaliyyət göstərdiyi iqtisadi sektordan asılı olmayaraq işçi və işəgötürən üzrə müvafiq olaraq 3 faiz və 22 faiz olmaqla, üst-üstə 25 faiz təşkil edir. Yeni dəyişikliklərə əsasən, qeyri-neft sektorunun özəl bölməsində ödənilən əməkhaqqı 200 manatadək olduqda nisbət dəyişmir, 200 manatdan çox olduqda isə işçi və işəgötürən üzrə müvafiq olaraq 6 manat + 10 faiz və 44 manat + 15 faiz olmaqla cəmi 25 faiz təşkil edir.
Bu islahatın əsas məqsədi əmək bazarının leqallaşdırılması və qeyri-rəsmi məşğulluğun qarşısının alınmasıdır. İndiyədək həyata keçirilmiş inzibati tədbirlər çərçivəsində əmək bazarının leqallaşdırılmasına nail olunmayıb və hesab edilir ki, bu məsələlər iqtisadi stimulların verilməsi yolu ilə həll olunacaq. Qeyd edilib ki, işəgötürənlərə verilən stimullaşdırıcı güzəştlərlə yanaşı, vergi ödəyiciləri tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadığı hallarda tətbiq ediləcək maliyyə sanksiyalarının həcminin artırılması nəzərdə tutulur. İşəgötürən təqvim ilində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində cərimə olunacaq. Malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə məhsul satan şəxslərə də sanksiya tətbiq ediləcək. Birinci dəfə belə hallara yol verildikdə maliyyə sanksiyalarının məbləği 10 faiz, ikinci dəfə 20 faiz, üç və daha çox dəfə yol verdikdə isə 40 faiz məbləğində olacaq.
Sənədləşmə mütləq olmalıdır
Vergilər nazirinin müavini Sahib Ələkbərov jurnalistlərin suallarını cavablandırarkən ölkədə uçot sisteminin təkmilləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını və bunun çox mühüm tələbə çevrildiyini vurğulayıb: "Vergi sistemində uçot və qeydiyyat məsələlərinə ciddi fikir verilməlidir. Biz bu məsələlərlə bağlı istehsalçılarla görüşlər keçirmişik. Onlar təqdim etdikləri mallara görə sənəd verdiklərini, bəzən həmin sənədləri ticarət şəbəkəsində çalışanların almaq istəmədiklərini bildirirlər. Artıq gömrük sistemində də ciddi şəffaflaşdırma tədbirləri görülür və onlar da deyir ki, sərhəddən keçirilən bütün malların sənədləri var. Qanunvericiliyə edilmiş dəyişikliklər imkan verəcək ki, indiyə kimi həyata keçirilmiş tədbirlərlə birlikdə sənədsiz mal dövriyyəsinin qarşısı alınsın". 2018-ci ildə Azərbaycanda səyyar vergi yoxlamalarının əsaslı şəkildə azaldığına diqqət yönəldən Sahib Ələkbərov bildirib ki, bu il cəmi 1500-dən bir qədər çox səyyar vergi yoxlaması aparılıb: "Bu, 2017-ci ildəkinə nisbətən 3 dəfə azdır və ümumilikdə hər 600-dən yuxarı, aktiv vergi ödəyicilərinə nisbətdə isə hər 300-ə yaxın vergi ödəyicisindən birində yoxlama aparılması deməkdir".
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, gələn ildən ilk dəfə tətbiq olunacaq məcburi nişanlanma işlərinə hazırlıq aparılması barədə məlumat verilərək bildirilib ki, artıq nişanlanması məcburi olan malların siyahısı hazırlanır.
Kənd təsərrüfatına verilən güzəştin məbləği milyardlarla ölçülür
Sahib Ələkbərov kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən imtiyazları xüsusi qeyd edib. Bildirib ki, kənd təsərrüfatına tətbiq edilən vergi güzəştlərinin müddəti 2019-cu il yanvarın 1-dən daha 5 il müddətinə uzadılacaq: "1999-cu ildən bu günə qədər kənd təsərrüfatı məhsullarının istehsalçılarına ciddi güzəştlər verilib. Bu vaxta qədər dövlətin aqrar sahəyə verdiyi güzəştlərin maliyyə tutumu milyard manatlarla ölçülür. Dövlətin büdcəsinə daxil olmalı həmin vəsaitlər sahibkarların sərəncamında qalıb və ümid edirik ki, onlardan səmərəli istifadə olunması nəticəsində kənd təsərrüfatı daha böyük sürətlə inkişaf edəcək".
Sosial sığorta hesabatlarının verilməsi qaydası təkmilləşdirilib
Mətbuat konfransında yanvarın 1-dən sosial sığorta hesabatlarının hansı orqana təqdim olunması ilə bağlı məsələyə də aydınlıq gətirilib. Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bu barədə sualı cavablandırarkən deyib ki, Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Qanunlara edilən dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin müvafiq maddələri məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunacaq. Gələn ildən 2018-ci ilin 4-cü rübünə aid hesabatlar və 2019-cu ildən başlayaraq rüblər üzrə sosial sığorta haqqı və işsizlikdən sığorta hesabatları vergi orqanlarına təqdim olunacaq: "Hesabatların qəbulu ilə yanaşı, yığım funksiyası da Vergilər Nazirliyinə verilib. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun gəlirləri Vergilər Nazirliyi tərəfindən təmin olunacaq. Bununla bağlı bütün təşkilati işlər, o cümlədən sığortaedənlər üzrə şəxsi vərəqənin yaradılması işləri başa zatmaq üzrədir".
Xidməti müqavilə ilə işləyənlər sadələşdirilmiş verginin ödəyicisi ola bilməyəcəklər
Natiq Şirinov bildirib ki, hazırda xidməti müqavilələrin çoxu əmək münasibətlərinin pərdələnməsi məqsədi daşıyır. Qanunvericiliyə edilən dəyişiklikdə bu məsələ də nəzərə alınıb: "Gələn ildən xidməti müqavilə ilə işləyənlər sadələşdirilmiş verginin ödəyicisi ola bilməyəcəklər: onlar gəlir vergisi rejiminə keçməli olacaqlar. Gəlir vergisi rejiminə keçdikdə, VÖEN ilə işləyərək ayda 1.000 manat gəlir əldə edən fiziki şəxs, xərci yoxdursa, gəlirinin 20 faizi qədər - 200 manat vergi hesablayacaq. Dövlət hesablanmış verginin 75 faizini güzəşt edir. Yəni xidməti müqavilə ilə işləyib 1.000 manat qazanan fiziki şəxs ayda 50 manat gəlir vergisi ödəyəcək".
VÖEN-i olan ödəyici xərclərini gəlirindən çıxdığı halda, daha az vergi ödəyə bilər. Məsələn, 1.000 manat aylıq gəlir əldə etmək üçün 300 manat xərc çəkilirsə, bu zaman qalan 700 manatın 20 faizi (140 manat) gəlir vergisi olaraq hesablanacaqdır. Qanunla gəlir vergisinin 75 faizi güzəşt edildiyindən, cəmi 35 manat vergi ödəniləcəkdir.
Yeni nəsil kassa aparatları tətbiq olunacaq
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva ticarət və xidmət obyektlərində vergi nəzarəti tədbirlərinə dair yeniliklər barədə bildirib ki, bu obyektlərdə yeni nəsil nəzarət-kassa (NKA) aparatlarının mərhələli şəkildə tətbiqi nəzərdə tutulur: "Onlayn kassa aparatlarına keçid birdən-birə bütün ölkə ərazisini əhatə etməyəcək. Texniki həllərlə bağlı ayrıca normativ-hüquqi akt hazırlanacaq. Kassa aparatı hər bir əməliyyatı real vaxt rejimində avtomatik vergi orqanına ötürməlidir. Bu funksiyanın təmin olunması üçün variantlar nəzərdən keçirilir, mövcud kassa aparatlarına kiçik qurğu əlavə edilə, yaxud aparatlar dəyişdirilə bilər".
Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ilə yanaşı, kassa çekində göstərilməli olan məlumatlarda da dəyişikliklər edilib: istehlakçıların hüquqlarının qorunması məqsədilə NKA çeklərində təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, çekin müvafiq icra hakimiyyəti strukturunun müəyyən etdiyi orqanın elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd və malın sürətli məlumat kodu da əks etdiriləcək.
Samirə Musayeva vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı ictimai məlumatlandırma sisteminin də nəzərdə tutulduğunu söyləyib: "Əgər vergidən yayınma ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır".
Xatırladaq ki, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma ("Whistleblow") mexanizmi beynəlxalq təcrübədə geniş tətbiq olunur. "Whistleblow" (fit verən) pozuntular barədə dövlət qurumlarına və ya ictimaiyyətə məlumatvermə deməkdir.
Yeni nəsil kassa aparatları hər bir əməliyyatı
real vaxt rejimində avtomatik olaraq vergi orqanına ötürəcək
Xərclərin uçotu düzgün aparılmalıdır!
Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin uçota alınması, uçot yerinin dəyişdirilməsi ilə bağlı məlumat verib. Bildirib ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin digər təsərrüfat subyekti olduqda həm özünün, həm də digər təsərrüfat subyektinin olduğu ünvan üzrə vergi orqanına təqdim etdiyi ərizə əsasında uçota alınır. Məcəlləyə "İqtisadi maraqlar üzrə uçot" anlayışı da daxil edilib. Yeni ildən etibarən vergi ödəyicisi faktiki fəaliyyət göstərdiyi yer üzrə, bir neçə vergi orqanının nəzarət dairəsində fəaliyyət göstərdiyi halda isə iqtisadi göstəriciləri daha yüksək olan yer üzrə uçota alınacaq. Vergi ödəyicisinin uçot məlumatlarının vergi orqanları tərəfindən dürüstləşdirilməsi ilə bağlı bildirilib ki, nəzarət tədbirləri zamanı ödəyicilərin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma aşkarlandıqda vergi orqanı tərəfindən vergi ödəyicisini məlumatlandırmaqla uçot məlumatlarının dürüstləşdirilməsi hüququ verilib.
Məcburi dövlət sosial sığorta məqsədləri ilə uçota alınmaya da aydınlıq gətirilərək qeyd edilib ki, "Sosial sığorta haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, məcburi dövlət sosial sığorta münasibətlərinin iştirakçısı olan şəxslərin uçota alınması və onlar tərəfindən məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqının ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu məqsədlə VÖEN-i olmayan, lakin məcburi dövlət sosial sığorta haqlarının ödəyicisi olan şəxslər vergi uçotuna alınmalı və onlar da müvafiq qaydada hesabatlarını vergi orqanına təqdim etməlidirlər.
Hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində də ciddi yeniliklərin olduğu bildirilib. Dəyişikliyə əsasən, kommersiya qurumları və publik hüquqi şəxslərin kağız daşıyıcıda dövlət qeydiyyatı zamanı, həmçinin yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı təqdim olunan ərizə təsisçi ilə yanaşı, həm də qanuni təmsilçi tərəfindən imzalanmalıdır: "Elektron qeydiyyat zamanı müraciət ərizəsinin həm də qanuni təmsilçi tərəfindən təsdiq edilməsi ilə bağlı proqram təminatında müvafiq dəyişiklik aparılıb və artıq həmin sistem istifadəyə verilib. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, kommersiya qurumlarının və publik hüquqi şəxslərin təqdim etdikləri ərizədə onun hüquqi ünvanına dair məlumat göstərilməlidir".
2018-ci ildə 1500-dən bir qədər artıq səyyar vergi yoxlaması aparılıb ki,
bu da ümumilikdə hər 600-dən yuxarı, aktiv vergi ödəyicilərinə nisbətdə isə
hər 300-ə yaxın vergi ödəyicisindən birində yoxlama aparılması deməkdir
Vəkil, mühasib və auditorların vergi ödənişləri necə hesablanacaq?
Media təmsilçiləri xidmət fəaliyyəti ilə məşğul olan bəzi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi qismində saxlanılması, digərlərinin isə mikrobiznes subyektinə aid edilməsi ilə bağlı məsələyə də aydınlıq gətirilməsini xahiş ediblər. Samirə Musayeva bildirib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bir sıra fəaliyyət sahələrinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılıb: "Onlar vətəndaşa yox, biznesə xidmət göstərən şəxslərdir. Vəkil, mühasib, auditor vətəndaşlara xidmət göstərdikləri halda, onlara dövriyyənin həcmindən asılı olaraq sadələşdirilmiş vergi rejimi tətbiq ediləcək. Sahibkarla bağlanmış müqavilə əsasında sahibkara xidmət göstərən subyektlərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ olmayacaq. Bu dəyişiklik bir sıra zəruri məsələlərlə bağlıdır. Məsələn, sahibkara xidmət göstərən başqa bir sahibkar qarşı tərəfə öz xərcini və gəlirini göstərmək istəmir, yaxud sadələşdirilmiş vergi rejimi ilə işlədiyi halda qarşı tərəfin tələbinə baxmayaraq, ona qaimə-faktura vermir, nəzarət-kassa aparatının çeki isə sonradan rəsmiləşdirilir. Bəzən bir sahibkar başqa sahibkara mal, iş və ya xidmət təqdim etdikdə, istisna hallarda hüquqi xidmət göstərdikdə elektron qaimə-faktura təqdim etməlidir ki, qarşı tərəf öz xərcini sübut edə bilsin. Lakin bəzi hallarda qarşı tərəf gəlirini gizlətdiyindən xərcini də leqallaşdırmır. Bütün bunlar sui-istifadə hallarına yol açır. Vergi ödəyicilərinın öz əməliyyatlarını rəsmiləşdirməsi qaydaları Vergi Məcəlləsi ilə müəyyən olunur və bu cür halların qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Qərara alınıb ki, sahibkarlar arasında əməliyyat aparılırsa, həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmasın, gəlir və xərclərin dəqiq uçotu aparılsın və əldə edilən xalis gəlirdən və yaxud mənfəətdən 75 faiz güzəşt tətbiq edilməklə vergi ödənilsin".
Sahibkarın il ərzində mikro sahibkarlıq subyektindən kizik sahibkarlıq subyektinə keçdiyi halda ona vergi gğzəştinin necə tənzimlənməsi ilə bağlı suala cavab verən Samirə Musayeva bildirib ki, gəlir və mənfəət vergisi ilə bağlı bəyannamə ildə bir dəfə təqdim edildiyi üçün ödənişlərin ritmikliyində yubanma olmasın deyə, bu, ilkin ödəniş sayılır: "İl başa çatdıqdan sonra mənfəət vergisi üzrə bəyannamə verildiyindən, cari ödəmələr bəyannamə ilə müqayisədə daha az ola bilər. Ödəmələr az olduqda kəsir qalan hissə bğdcəyə bərpa olunur. Əksinə, artıq olduqda həmin hissə növbəti vergi öhdəliklərinə yönəldilə bilər. Sahibkar yeni qeydiyyata alınıbsa və mikro sahibkar kateqoriyasına aiddirsə, cari ödəmələrini 75 faiz güzəşt nəzərə alınmaqla verəcək. Mənfəət vergisi üzrə bəyannamə təqdim etdiyi zaman onun mikro sahibkarlıq subyekti olmadığı müəyyənləşərsə, kiçik sahibkarlıq üzrə vergi ödəyicisi hesab olunacaq".
Elxan SALAHOV
Fəxriyyə CƏBRAYILOVA