Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

2019.07.08 09:50 (UTC+04:00)

Hörmətli həmvətənlər!

Bu gün Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır.

Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir. Qeyd edilməlidir ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Təsadüfi deyil ki, "İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.

Əziz həmvətənlər!

Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.

UNESKO tərəfindən "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi"nin Ümumdünya İrsi elan edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyul 2019-cu il.