Əmək bazarının mövcud vəziyyəti müzakirə olunub

2019.07.06 15:10 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda Ədliyyə və Vergilər nazirliklərinin, Təhsil Nazirliyi yanında PeşəTəhsili üzrə Dövlət Agentliyinin, Dövlət Statistika Komitəsinin, AMEA İqtisadiyyat İnstitutunun, "Ekvita", "Ernst & Young Azerbaijan", "BM Morrison Partners", "Dentons Azerbaijan", "KPMG Azerbaijan Ltd", "Pricewaterhouse Coopers Azerbaijan" və "Deloitte Azerbaijan" şirkətlərinin, "Bakı Hüquq Mərkəzi" Hüquq Şirkəti MMC-nin nümayəndələri iştirak edib.

İşçi qrupun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edib. O, əsas beynəlxalq indekslərdə Azərbaycanın digər sahələrlə yanaşı, əmək bazarı üzrə mövqeyinin də güclənməkdə davam etdiyini vurğulayıb.

Bildirilib ki, nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yaradılacaq. Observatoriyanın məşğulluq və sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün mütərəqqi dünya təcrübəsi əsasında monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılması baxımından xüsusi önəmi vurğulanıb.

İclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı İşçi qrupunun yeni üzvləri təqdim edilib. Daha sonra İşçi qrupunun 2019-cu il üçün Fəaliyyət Planının hesabatının müzakirəsi keçirilib. Müvafiq təkliflər verilib və görüləcək işlər müzakirə edilib.