Nazirlikdən verilən məlumata görə, "Məşğulluq haqqında" Qanunun 20-ci maddəsinə əsasən əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kursları təşkil edilir.
Bildirilib ki, İşəgötürənlər peşə hazırlığı kurslarının təşkili istiqamətində Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq edə bilərlər. Xidmət tərəfindən peşə hazırlığı lazımi peşə və ya ixtisası olmayan işaxtaran və işsiz şəxslər üçün münasib iş seçmək mümkün olmadıqda və ya onlar əvvəlki peşəsi (ixtisası) üzrə işləmək qabiliyyətini itirdikdə təşkil olunur. Peşə hazırlığı kursları 6 ayadək müddətə təşkil olunur və İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Bu kursların təşkili dövlət və ya fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş təhsil müəssisələrində həyata keçirilir.
Həmin kurslar üçtərəfli (Dövlət Məşğulluq Xidməti, təhsil müəssisəsi, müdavimlər) və ya dördtərəfli (Dövlət Məşğulluq Xidməti, təhsil müəssisəsi, müdavimlər, işəgötürənlər) müqavilələr əsasında təşkil edilir. Dördtərəfli müqavilə əsasında həyata keçirilən peşə hazırlığı kursları işəgötürənlərə təhsil prosesində iştirak etmək və daha səriştəli, istehsalat təcrübəsi olan işçi seçmək imkanı verir. Bu zaman işəgötürənlər peşəkar işçi qüvvəsi, işaxtaran isə daimi iş yeri əldə edir.
İşəgötürənlər peşə hazırlığının təşkilində əməkdaşlıq etmək üçün Dövlət Məşğulluq Xidmətinə müraciət edə bilərlər
Qeyd edək ki, cari ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 838 nəfər əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Onlardan 682 nəfər üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Kurslarda modul tədris proqramlarından da istifadə olunmaqla elektrik-qaz qaynaqçısı, kompüter istifadəçisi, dülgər-xarrat, avtomobil təmiri üzrə çilingər, dərzi, bərbər, toxucu, tornaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Hazırda onlardan bir hissəsi peşə kurslarını davam etdirir. Qeyd olunan dövrdə 156 nəfər gənc isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Burada həmin gənclər müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnməklə yanaşı, peşə təlimi müddətində onların sosial reabilitasiya yönümlü müxtəlif tədbirlərə cəlb edilməsi işləri də aparılıb. Ümumilikdə kurslara cəlb edilənlərin 174-ü əlilliyi olan şəxslərdir.
Kurslarda Təhsil Nazirliyinin təsdiq etdiyi plana uyğun şəkilldə peşə bilik və bacarıqları tədris olunub. Hər bir kursun yekununda məzunlara peşə sertifikatları təqdim edilir.