Fransa Milli Assambleyası rəqəmsal şirkətlərə vergi qoyulmasını təsdiqləyib

2019.07.06 14:15 (UTC+04:00)

Assambleya rəqəmsal sahənin nəhəngləri olan GAFA-nın ("Google", "Amazon", "Facebook" və "Apple" şirkətlərinə verilən ümumi ad) fəaliyyətinə vergi qoyulması ilə qanun layihəsinə "yaşıl işıq" yandırıb. Bununla da Fransa bu sahədə qabağa düşən ölkələrdən biri olacaq. Növbəti mərhələdə qanun layihəsinin mətni Senata təqdim ediləcək, təsdiq olunduqdan sonra isə qüvvəyə minəcək. ABŞ hökuməti tərəfindən bu qanun layihəsinə qarşı kəskin etirazların olmasına baxmayaraq, layihə Amerikanın iri rəqəmsal şirkətlərinin Fransada vergiyə cəlb edilməsinə yönəldilib. Qanun layihəsinə əsasən, illik dövriyyəsi 750 milyon avrodan artıq olan internet şirkətləri 3 faiz dərəcəsi ilə vergi ödəməli olacaqlar.