Vergilər Nazirliyinin əməkdaşları azyaşlı uşağın həyatını xilas ediblər

2019.07.05 17:56 (UTC+04:00)

Ötən gün saat 22:30 radələrində Azərbaycan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin yerləşdiyi ərazidə baş vermiş insident qurumun işçilərinin vaxtında müdaxiləsi sayəsində faciəyə çevrilməyib.

"Oxu.az"ın "Media.az"a istinadla bildirdiyinə görə, Departamentin növbə rəisi Rövlan Bəxtiyarov və mühafizəçi Şahin Cəlilov kondisiyalaşdırma sisteminin lyukuna düşmüş oğlan uşağının həyatını xilas ediblər. Məlum olub ki, 5-6 yaşlı uşaq yaxınlıqdakı ərazidə anası ilə birlikdə gəzərkən kondisiyalaşdırma sistemi borusunun barmaqlığı üzərində tullanmağa başlayıb. Nəticədə barmaqlıq sınıb və o, 3,60 metr dərinlikdəki boruya düşüb. Təlaşlanan ana Departamentin qapılarına tərəf qaçaraq kömək istəyib. Qurumun yuxarıda adı çəkilən işçiləri vəziyyəti düzgün qiymətləndirərək şərf və kəndirin köməkliyi ilə uşağı borudan çıxarıblar və bununla onun həyatını xilas ediblər.

Uşaq və ananın adı məlum deyil. Uşaq çıxarıldıqdan sonra onlar heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıblar.

https://oxu.az/society/