İlin sonunadək buğdanın dərin emalı zavodunun tikintisinə başlanılacaq

2024.03.15 12:11 (UTC+04:00)

“Bu ilin sonunadək buğdanın dərin emalı zavodunun qurulması layihəsi üzrə investisiyaların dəyərləndirilməsi və layihəndirilməsini bitirib inşaat işlərinə start vermək nəzərdə tutulur”.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev məlumat verib. Onun sözlərinə görə, bu layihə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının emal olunaraq daha yüksək dəyərə malik ixrac qabiliyyətli məhsullara çevrilməsinə imkan yaradacaq: “Dövlət dəstəyi bizim kimi şirkətlər tərəfindən tam dəyərləndirilməlidir. Dövlətin özəl sektora dəstəyinin maksimal effektivliyinə nail olmaq üçün bütün işləri görməyi hədəfləyirik ki, yekunda dövlət və özəl sektorun əməkdaşlığı daha da faydalı bir kənd təsərrüfatının yaranmasına gətirib çıxarsın. İstəyirik ki, hər il öz resurslarımız hesabına daha çox ərzaq təminatına nail olaq. Təbii ki, dövlət dəstəyi Azərbaycanda yerli istehsalın idxaldan asılılığı əvəzləməsinə xidmət edir və biz ona doğru gedirik. Lakin işimiz, nəzərdə tutduğumuz investisiya planları yalnız idxalın əvəzlənməsini hədəfləmir. Biz, həmçinin, yüksək texnologiyaların cəlb edilməsi hesabına yerli xammalın emalı nəticəsində yüksək əlavə dəyərə malik ixrac imkanlı məhsulların istehsalını hədəfləyirik”.

A.Mehdiyev qeyd edib ki, şirkət 2024-cü ildə də ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək. Ümumi olaraq yeni texnologiyaların tətbiqi ilə daha məhsuldar və effektiv nəticələrə nail olmaq üçün investisiya qoyuluşunun davam etdirilməsi planlaşdırılır.

İlhamə İSABALAYEVA