İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkəmizdə biznesə daxilolma sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini aparıb. Təhlilin aparılmasında beynəlxalq reytinq cədvəllərinin indikatorlarından, habelə biznesə başlama sahəsində mövcud olan əsas meyarlardan istifadə edilib.
100-dən yuxarı sual ətrafında hazırlanmış təhlil biznesə başlamanın əsas məqamları, o cümlədən biznesə giriş qaydalarının keyfiyyəti, biznesin qurulması və əməliyyatların başlanması üçün xidmətlərin qarşılıqlı əlaqəsi, məlumatların onlayn mövcudluğu və məlumatın şəffaflığı kimi aspektləri əhatə edir.
Burada şirkət və benefisiar mülkiyyət məlumatlarının mövcudluğu, onların yenilənməsi və saxlanması, biznesə daxilolmada yerli və xarici firmalar üçün mövcud olan məhdudiyyətlər, biznesin onlayn məlumatlarının mövcudluğu, hüquqi və fiziki şəxslərin qeydiyyatı barədə məlumatların əlçatanlığı, yerli firmalar üçün bütün biznesə daxilolma prosesinin ümumi vaxtı və dəyəri, yerli və xarici biznes qurumları üçün qeydiyyat öncəsi, qeydiyyat prosedurları, qeydiyyat sonrası mərhələləri və s. məsələlər barədə ətraflı məlumat almaq olar.
Təhlildə cavablandırılan bütün suallar üzrə hüquqi əsaslandırmalar və istifadə olunmuş mənbələr göstərilib. İctimaiyyət üçün açıq olan bu təhlil materialı biznesə başlama sahəsində əsas məqamları əhatə edən geniş məlumat bazası rolunu oynamaqla etibarlı informasiyaya əlçatanlığı təmin edir, eyni zamanda yeni biznesə başlamaq istəyənlər, şəxsi şirkətlərini qurmaq arzusunda olanlar, eləcə də Azərbaycanda fəaliyyət göstərmək istəyərən xarici investorlar üçün biznes bələdçisi kimi istifadə oluna bilər.
Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş təhlil materialı bu sahə ilə maraqlanan hər kəs üçün əlçatandır və sənədin təkmilləşdirilməsi, bu sahədə biznes mühitinin yaxşılaşdırılması üçün bütün təkliflərə açıqdır.
Qeyd edək ki, Dövlət Vergi Xidməti ökəmizdə biznesə başlama sahəsində hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatını aparan qurum olmaqla bu sahədə tənzimləmə və nəzarət funksiyalarını həyata keçirir. Hazırda Azərbaycan biznesə başlama sahəsində dünyada ən yaxşı təcrübələrdən birinə malikdir. Buna baxmayaraq, sistemin aktivliyi daim nəzarətdə saxlanılır, yeni mütərəqqi təcrübələrin tətbiqi imkanları araşdırılır. 2022-2023-cü illərdə ölkəmizdə “Biznesə daxilolma” sahəsində Yol Xəritəsi icra edilib, bu sektorda biznes mühitinin təkmilləşdirilməsi üçün bir sıra layihələr həyata keçirilib.