“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbir Azərbaycan tarixinin ən mötəbər və məsuliyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın və inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən keçirilən “Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər"* adlı forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu bu mühüm beynəlxalq platformanın Azərbaycanda təşkil edilməsi ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir. “Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə sahəsində qarşıya qoyduğu məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması artıq bizim üçün müəyyən təcrübə yaradıb", - deyən nazir müavini əlavə edib ki, BMT-nin hesablamalarına görə, əgər 2050-ci ilə qədər dünya əhalisi 9,8 milyarda çatarsa, mövcud həyat tərzini saxlamaq üçün lazım olan təbii resursları təmin etmək üçün, demək olar ki, üç planetin ekvivalenti tələb olunacaq.