Bəzi məhsulların üzərindəki qeyri-dəqiq məlumatlar istehlakçı hüquqlarını pozur

2024.03.14 14:42 (UTC+04:00)

Bu gün istehlakçıların ekoloji məsələlərə qarşı həssaslığının artması və digər məhsullara nisbətən “ekoloji təmiz” və “davamlı” məhsullara üstünlük verməsi ekoloji cəhətdən həssas görünmək baxımından müəssisələr arasında rəqabətə səbəb olur və bu vəziyyət şirkətləri ekoloji göstəricilərini şişirtməyə və ya istehlakçıya yanlış məlumat təqdim etməyə meyil etdirir.

Bunu "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" adlı forumda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib. Onun sözlərinə görə, bunların qarşısını almaq və ətraf mühitə və biznesə mənfi təsirləri azaltmaq üçün Avropa Komissiyası 14 yanvar 2024-cü il tarixində ekoloji faydanın təqlidi hallarına qarşı mübarizə və şəffaflığı təşviq etmək məqsədi ilə “İstehlakçıların yaşıl iqtisadiyyata keçidi üçün hüquqi imkanlarının gücləndirilməsi haqqında Saziş”i (Empowering Consumers For The Green Transition) qəbul edib. Bu Saziş istehlakçıların dayanıqlı məhsul haqqında düzgün və zəruri məlumat almasını təmin etməklə istehlakçının “yaşıl” məhsulları seçməsinə və ətraf mühitin mühafizəsinə dəstək olacaq. M.Abbasbəyli əlavə edib ki, müasir dövrdə istehsalçılar tərəfindən məhsulların istehlakçılara təqdim olunması zamanı yaşıl iqtisadiyyatın təşviqinə istiqamətlənmiş bəzi məlumatlarla qarşılaşırıq: “Bunlar “ekosistemə daha az ziyanlı, təkrar emal edilmə qabiliyyəti yüksək olan, daha az tullantılara səbəb olan” məhsullardır. Bəzi məhsullarda qeyri-dəqiq olan bu cür məlumatlar istehlakçıların düzgün məlumat almaq hüququnun qarşısını alır və yaşıl iqtisadiyyatın inkişafı dövründə istehlakçıların aldadılmasına yönəlmiş bu cür halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi zəruridir. Hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarında sözügedən təcrübə ilə mübarizədə effektiv ola biləcək bir sıra müddəalar təsbit edilib. Həmin müddəaların ümumi istiqaməti istehlakçıların məlumat almaq hüququnun təmin edilməsi və bu sahədə satıcılar və ya istehsalçılar tərəfindən istehlakçıların yanlış istiqamətləndirilməsinin, eyni zamanda istehlakçıların mal alınması prosesində sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsulları ilə mübarizənin aparılmasıdır”.