Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib

2024.03.13 17:41 (UTC+04:00)

Heydər Əliyev Mərkəzində Azərbaycan hökuməti və Xorvatiya hökuməti arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi və təşviqi üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib.

İclasdan əvvəl Birgə Komissiyanın həmsədrləri – mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan arasında təkbətək görüş olub.

Xorvatiyalı naziri salamlayan Adil Kərimli bildirib ki, iki ölkə arasında əlaqələr geniş spektrlidir və bu sahədə iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Qeyd olunub ki, ötən ilin 6 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə Bakıda keçirilən görüşündə Birgə Komissiyanın qarşısında qoyulmuş tapşırıqların icrası istiqamətində işlər davam etdirilir. Söhbət zamanı martın 12-də Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes forumunun da əhəmiyyəti yüksək qiymətləndirilib.

Nazir Damir Habijan Xorvatiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimada əsaslandığını vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın geniş perspektivləri olduğunu, dövlət başçılarının siyasi iradəsi ilə əlaqələrin ildən-ilə inkişaf etdiyini diqqətə çatdırıb. Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Sonra Azərbaycan hökuməti və Xorvatiya hökuməti arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi və təşviqi üzrə Birgə Komissiyanın 3-cü iclası başlayıb.

Azərbaycan və Xorvatiyadan müvafiq qurumların nümayəndələrinin iştirak etdiyi iclasda Birgə Komissiyanın həmsədrləri açılış nitqi söyləyiblər.

Hər iki ölkənin məsul nümayəndələrinin iqtisadiyyat və sənaye, enerji, nəqliyyat, mədəniyyət, səhiyyə, təhsil və elm sahələrində əməkdaşlıq barədə çıxışları dinlənilib.

Çıxışlardan sonra Birgə Komissiyanın həmsədrləri iclasda müzakirə olunan sahələr üzrə əməkdaşlığa dair protokolu imzalayıblar.

Sonda xatirə fotosu çəkdirilib.

Xorvatiya nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub. Qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib.

AZƏRTAC