Daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

2024.03.13 13:19 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

“Startap” şəhadətnamələri “Vvonder Voyage” MMC-nin otel və avtomobil rezervasiya platforması, “Kidfi” MMC-nin maliyyə savadlılığını və hesablama bacarıqlarını artıran onlayn platforma və mobil tətbiqi, “CM Elec Troniq” MMC-nin ultrasəs terapevtik arıqlama cihazının istehsalı, “4Youkid” MMC-nin psixoloji xidmətlər üçün onlayn platforması, fərdi sahibkar Ramil Qədirovun ətraf mühitin parametrlərinin qeydə alınması üçün nəzarət-ölçü cihazının istehsalı layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Qeyd edək ki, təkcə 2023-cü ildə 42 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Onlardan 39-u mikro, 3-ü kiçik sahibkarlıq subyektidir. Bu sənədi alan layihələr istehsal və xidmət sahələri üzrə innovativ həlləri özündə ehtiva edir. İndiyədək isə 135 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.