Cəbrayılda qadın ayaqqabıları istehsal ediləcək

2024.03.05 14:36 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ayaqqabı fabrikinin qurulması üçün layihə artıq hazırdır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına həmin sənaye parkının rezidenti “Bosco shoes” MMC-nin direktoru Anar Hüseynov deyib. Onun sözlərinə görə, fabrikdə qadınlar üçün rahat ayaqqabılar, o cümlədən idman ayaqqabıları istehsal ediləcək. Bunun üçün lazım olan xammal Türkiyə, Çin və İrandan idxal olunacaq.

Ayaqqabılar dəridən hazırlanacaq, lakin sifarişdən asılı olaraq, süni dəridən də istifadə edilə bilər. Dəri və dəri astarlıqlar Türkiyədən gətiriləcək. Ayaqqabılar İtaliya və Türkiyə modelləri əsasında istehsal ediləcək ki, artıq bu modellər də hazırdır. İstehsalını avtomatlaşdırılmış sistem əsasında quracaq fabrik fərdi sifarişləri də qəbul edəcək.

A.Hüseynov əlavə edib ki, müəssisədə ilkin mərhələdə 15-20 nəfər işlə təmin olunacaq. Fabrikdə həmin əraziyə köçürüləcək sakinlərin işlə təmin edilməsi nəzərdə tutulur. Bu işçilər üçün xüsusi təlimlərin keçirilməsi planlaşdırılır.

İlkin nərhələdə fabrikdə gün ərzində 200 cüt ayaqqabı istehsal ediləcək. İstehsala başlanılandan 2-3 ay sonra isə işçilərin sayının 70-80 nəfərə, gündəlik ayaqqabı istehsalının sayının minimum 500-600 cütə çatdırılması nəzərdə tutulur. Bir il ərzində fabrikdə gün ərzində 1500-2000 cüt ayaqqabı istehsal etmək hədəf kimi müəyyən edilib. Fabrikdə istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

Layihənin investisiya dəyəri 3,5 milyon manatdır. Bu günədək layihənin icrası üçün 300 min manatadək vəsait xərclənib.

İlhamə İSABALAYEVA