Astanada Azərbaycan - Qazaxıstan Hökumətlərarası Komissiyasının 20-ci iclası keçiriləcək

2024.03.04 14:04 (UTC+04:00)

Martın 5-də Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək.

Energetika Nazirliyindən verilən məlumata görə, iclasda ölkəni komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclas çərçivəsində Hökumətlərarası Komissiyanın 19-cu iclasından ötən dövr ərzində görülən işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, sənaye, tikinti, nəqliyyat və logistika, ekologiya, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, gənclər siyasəti və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Qazaxıstan tərəfdən komissiyanın həmsədri nəqliyyat naziri Marat Karabayevdir.