İndoneziya ilə ticarət dövriyyəsində artım qeydə alınıb

2024.03.01 17:51 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsinin ümumi həcmi 5,5 dəfə və ya 54,4 milyon ABŞ dolları artaraq 66,4 milyon dolları üstələyib.

"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan İndoneziyaya 52,6 milyon dollar dəyərində məhsul ixrac edilib. 2023-cü ilin yanvar ayında bu ölkə ilə ixrac əməliyyatlarının həcmi cəmi 67,9 min dollar olub.

İndoneziyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 16,2 faiz və ya 1,9 milyon dollar artaraq 13,8 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İndoneziya ilə ticarətin payı 2,22 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricidən 1,86 faiz bəndi çoxdur.