Dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 14.3.6-cı maddəsindən "alınmasına" sözü çıxarılıb. Dəyişikliyə qədər isə həmin maddəyə əsasən, vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim olunmasına (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) bazar qiyməti tətbiq edilə bilirdi. Ancaq dəyişiklikdən sonra yalnız malların (işlərin, xidmətlərin) təqdim olunmasına dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) bazar qiyməti tətbiq ediləcək.
Misal 1: Vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbirləri nəticəsində məlum olub ki, vergi ödəyicisinin təqdim etdiyi 30.000 manatlıq tikinti materiallarının alınmasına dair sənədlər mövcud deyil. Son dəyişikliyədək bu halda həmin tikinti mallarının dəyərini müəyyənləşdirmək üçün bazar qiymətinin müəyyən olunması prosedurları həyata keçirilirdi. Yeni dəyişiklikdən sonra artıq vergi orqanı belə hallarda bazar qiyməti tətbiq etməyəcək.
Bazar qiyməti ilə bağlı digər dəyişiklik Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə edilib. Dəyişikliyə əsasən, 14.6.5-ci maddədə "aşağıdakı hallarda" sözləri "alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda" sözləri və həmin maddənin sonunda iki nöqtə (:) işarəsi nöqtə (.) işarəsi ilə əvəz edilib. Həmçinin, 14.6.5.1-ci və 14.6.5.2-ci maddələr ləğv edilib. Dəyişikliyədək Vergi Məcəlləsinin 14.6.5.2-ci maddəsinə əsasən, malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda bazar qiyməti tətbiq edilirdi.
Misal 2: Vergi orqanı keçirdiyi nəzarət tədbirləri nəticəsində vergi ödəyicisinin xərclərin uçotunu aparmadığını müəyyən edib. Xərclərin uçotu aparılmadıqda əksər hallarda rəsmiləşdirmə də aparılmır və beləliklə, malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmur. Son dəyişikliyədək vergi orqanı malların alış qiymətini müəyyənləşdirmək üçün bazar qiyməti tətbiq edə bilirdi. Amma yeni dəyişiklikdən sonra bazar qiymətinin tətbiq olunmasına ehtiyac yaranmayacaq.
İndi isə hər iki dəyişikliyin səbəblərini izah edən məsələlərə aydınlıq gətirək. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə edilmiş əlavəyə əsasən, gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Qeyd edək ki, yeni dəyişikliklərdən sonra vergi ödəyicisinin xərcini təsdiq edən sənədlər olmazsa, bu zaman vergi orqanı tərəfindən hər hansı bazar qiyməti tətbiq edilməyəcək.
Misal 3: Vergi orqanı 2024-cü ildə həyata keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edib ki, vergi ödəyicinin təqdim etdiyi 30.000 manatlıq ərzaq məhsullarının xərcini təsdiq edən sənədlər yoxdur. Son dəyişiklikdən sonra vergi orqanının həmin əməliyyat üzrə bazar qiyməti tətbiq etməsinə ehtiyac olmayacaq. Çünki Vergi Məcəlləsinin 108.1-ci maddəsində edilmiş dəyişiklik nəticəsində qanunla müəyyən olunan qaydada rəsmiləşdirilməyən xərclər artıq tanınmır. Vergi Məcəlləsində dəyişikliklərin təsdiqi ilə bağlı sənədin keçid müddəasında qeyd edilir ki, 2024-ci ildə həmin növ xərclərin 50 faizdən çox olmayaraq rentabellik nəzərdə tutulsa da, 1 yanvar 2025-ci ildən sonra ümumiyyətlə gəlirdən çıxılmasına icazə verilməyəcək.
Mənbə: “Vergi qanunvericiliyi və şərhlər toplusu” kitabı (2024)