"Dövlət satınalmaları sahəsində nəzarət tədbirlərinin nəticəsi kimi 9,5 milyon manat və ya 16 faiz dövlət vəsaitinə qənaət edilib. Qənaətin 92,5 faizi açıq tender, 0,3 faizi təkliflər sorğusu, 7,2 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub".
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Naxçıvan Muxtar Respublikasının rəsmi nəşrinə istinadən xəbər verir ki, bunu Naxçıvanda keçirilən “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı tədbirdə muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Ötən il ərzində dövlət satınalmaları sahəsində görülən işlər barədə danışan A.İsmayılov qeyd edib ki, satınalma prosedurlarının nəticələrinə dair satınalan təşkilatlardan daxil olan 534 yekun protokolun 8,8 faizində nöqsanlar aşkar edilib və bununla əlaqədar həmin satınalmaların nəticələri ləğv edilib.
"2023-cü ildə muxtar respublikada keçirilən satınalmaların toplam dəyəri 59,2 milyon manat olub ki, bu da ötənilki büdcə xərclərinin 10 faizindən çoxunu təşkil edib", - deyə A.İsmayılov əlavə edib.