Amerika-Azərbaycan Ticarət Palatasının (AmCham Azərbaycan) Rəqəmsal İqtisadiyyat və İnnovasiya Komitəsinin təşkil etdiyi “Ənənəvi iqtisadiyyatdan rəqəmsal iqtisadiyyata keçid: nailiyyətlər və Azərbaycan üçün çağırışlar” mövzusuna həsr olunmuş görüş baş tutub.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov tədbirdə təqdimatla çıxış edib. O, ölkədə rəqəmsal iqtisadiyyata keçid, Yeni Nəsil İqtisadiyyat strategiyası, o cümlədən 4SİM-in fəaliyyəti və icra etdiyi layihələr barədə tədbir iştirakçılarına məlumat verib.
Bildirilib ki, 4SİM Dünya İqtisadi Forumunun 22 regional mərkəzindən biri kimi bu qurumla 3 istiqamətdə - süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası və rəqəmsal ticarət sahəsində əməkdaşlıq edir.
Rəqəmsal bacarıqların inkişafı istiqamətində Coursera şirkəti ilə “4Sİ Akademiyası” layihəsinin uğurla davam etdiyi və bu günə kimi 4000 nəfər vətəndaşın təlimlərdən faydalandığı vurğulanıb.
Fairz Cəfərov bu il ölkənin 2024-2030-cu illər üzrə rəqəmsal iqtisadiyyat sahəsində prioritetləri müəyyən edəcək əsas sənəd – Yeni Nəsil İqtisadiyyat Strategiyasının - hazırlandığını elan edib. Ümumilikdə bu sənəd 9 ana layihə olmaqla, 70-ə yaxın təşəbbüsü özündə ehtiva edir. Qeyd olunub ki, həmin layihələrin arasında Azərbaycan dilində Generativ Süni İntellekt, Ağıllı Sənaye Hazırlığı İndeksi (SIRI), qanunvericilik sahəsində süni intellekt əsaslı 4SİM çatbotu, idman, gömrük, kənd təsərrüfatı və təhsil sahəsində 4Sİ həllərinin tətbiqi layihələri xüsusi yer tutur.