Bu ilin 4 ayında əmək müqavilələrinin sayında 81 min artım qeydə alınıb Video

2019.07.05 10:20 (UTC+04:00)

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov "vergiler.az" saytının "Rəsmi cavab" rubrikasında bu suala cavab verərkən əmək münasibətlərinin leqallaşdırılması sahəsində ciddi irəliləyişlərin olduğunu deyib. Onun sözlərinə görə, dövlət tərəfindən işəgötürənlərə verilən bu böyük güzəşt - qeyri-neft sektorunun özəl bölməsində aylıq əməkhaqqı 8.000 manatadək olduqda gəlir vergisinin 0 dərəcə ilə hesablanması nəticəsində 2019-cu ilin ilk 4 ayı ərzində əmək haqlarında ciddi "ağarma" müşahidə edilib. Əmək müqavilələrinin sayında 81 min artım baş verib ki, bunun da 58 mini qeyri-neft sektorunun özəl bölməsinin payına düşür.

Baş direktor əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı bir mühüm faktı da qeyd edib: "2019-cu ilin ilk 4 ayı ərazində qeydə alınmış 81 min artım bu sahədə "ağarma" faktorunu bir daha sübut edir". Qeyd edib ki, qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrindəki artımın 60 faizə yaxını ticarət, tikinti və xidmət sektorunda çalışanların payına düşür. Halbuki bu ilə qədər əmək müqavilələrinin bağlanmasından yayınma halları məhz bu sahələrdə müşahidə olunurdu.

N.Şirinov başqa bir maraqlı məqamı da vurğulayıb: "Gəlir vergisindən 8.000 manata qədər güzəşt verildiyi üçün bu vergi üzrə daxilolmalarda hər hansı ciddi artım gözlənilmir. Lakin məcburi dövlət sosial sığorta haqlarının toplanmasında ciddi artımlar baş verib. Əgər ötən ilin ilk 4 ayı ilə bu ilin analoji dövrünü müqayisə etsək, məcburi dövlət sığorta haqları üzrə yığımda 17 faizə yaxın artım müşahidə olunduğunu görərik".