Dərman preparatlarının istehsalı artıb

2024.02.28 16:25 (UTC+04:00)

Bu ilin yanvar ayında ölkənin əczaçılıq məhsullarının istehsalı sahəsində 1 179,1 min manat dəyərində dərman istehsal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 3,6 dəfə və ya 855 min manat üstələyir.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara istehlakçılar tərəfindən 106,2 milyon manat xərclənib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 11,2 faiz və ya 13,4 milyon manat azdır.

Qeyd edək ki, cari ilin ilk ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,4 faizi əczaçılıq məhsullarının alınmasına sərf olunub. Bu bir il öncəki göstəricidən 0,4 faiz bəndi azdır.