ABŞ ilə Çin arasında davam edən vergi gərginliyi texnologiya şirkətlərinə də təsir göstərməkdədir
May ayında Prezident Donald Tramp Çindən gətirilən məhsulların gömrük vergisini artıracağı barədə bəyanat vermiş, buna qarşılıq olaraq Çin də ABŞ məhsullarına eyni qaydada əlavə gömrük vergisi tətbiq edəcəyini bildirmişdi. Qarşılıqlı hədələr Çində fəaliyyət göstərən şirkətlərdən də yan keçmir. "Nikkie Asian Review"nun yaydığı xəbərə görə, "Amazon", "Google", "HP", "Dell", "Sony", "Nitendo", "Asus", "Lenovo" və "Microsoft" kimi texnologiya sahəsində öndə gedən şirkətlər öz istehsal müəssisələrini Çinin ərazisindən kənara çıxarmağa hazırlaşırlar. Həmin şirkətlərin məhsullarının gələcəkdə Tayvan, Vyetnam, İndoneziya kimi Asiya ölkələrində istehsal ediləcəyi gözlənilir.
Keçən ay "Apple" şirkətinin "iPhone" istehsalının 30 faizini Çindən köçürməyə hazırlaşdığı barədə xəbərlər yayılmışdı. Ancaq şirkətin rəhbərliyi vergilərlə bağlı məsələlərin onların fəaliyyətinə təhlükə yaratmadığını bəyan etmişdi. Yuxarıda adları çəkilən nəhəng şirkətlər isə bu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyiblər.