Səngəçal terminalının elektrikləşdirilməsi ilə bağlı memorandum imzalanıb

2024.02.20 12:55 (UTC+04:00)

“AzərEnerji” və BP Səngəçal terminalının operatoru kimi bu gün Qarşılıqlı Anlaşma Memorandumu (QAM) imzalayıblar. Sənədə əsasən, tərəflər Səngəçal terminalının elektrikləşdirilməsini nəzərdə tutan bir layihə üçün texniki həll hazırlamaq məqsədilə birlikdə işləyəcəklər.

“AzərEnerji” ASC-dən bildirilib ki, yeni imzalanmış sənədə əsasən, hər iki tərəf “Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi” (STEL) üzrə ümumi iş həcminin müəyyənləşdirilməsi və bu həcmin “AzərEnerji” ilə Səngəçal terminalının operatoru arasında bölüşdürülməsi istiqamətində əməkdaşlıq edəcək. Tərəflər həmçinin iş həcmini dəqiqləşdirmək üçün layihənin müfəssəl texniki dizaynı və kommersiya çərçivəsinin razılaşdırılması yönümündə də birgə işləyəcəklər. Bu məsələlər layihənin kommersiya səmərəliliyinin müəyyənləşdirilməsinin əsas elementini təşkil edir.

STEL layihəsi uğurla həyata keçərsə, dünya səviyyəli obyekt olan Səngəçal terminalını enerji ilə təmin etmək üçün istifadə olunan yanacaq qazının yandırılması dayandırılacaq və terminal Azərbaycan dövlət enerji sistemindən enerji ilə təchiz olunacaq. “Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi” (STEL) adlanan bu layihə həyata keçirildikdən sonra dünya səviyyəli obyekt olan Səngəçal terminalının elektrik enerjisi təchizatı BP şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində tikiləcək 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin Azərbaycan dövlət enerji sistemi əraziyə ötürülməsi vasitəsilə təchiz olunacaq. “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan enerji Səngəçal terminalının təchizatı üçün çatışmadıqda terminalın elektrik enerji təchizatı “Azərenerji” ASC tərəfindən təmin olunacaq.

Enerji sistemdən verilən elektrik enerjisi daha az karbon sərfiyyatlı olduğu üçün terminaldakı neft-qaz əməliyyatlarından yaranan istixana qazı emissiyaları elektrikləşdirilmə nəticəsində azalacaq ki, bu da Xəzər regionunda emissiyaların azaldılmasına və ümumiyyətlə ölkənin yaşıl enerji keçidinə töhfə verəcək.

“AzərEnerji”nin rəhbəri Baba Rzayevin sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması və digər mütərəqqi prinsipləri özünə prioritet seçən və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edən ölkəmizdə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində, həmçinin BMT-nin Dayanıqlı İnkişaf məqsədlərinə uyğun ardıcıl addımlar atılır: “Yaşıl enerji sahəsinin genişləndirilməsi və atmosferə atılan zərərli maddələrin azaldılması ilə bağlı Prezident İlham Əliyevin strategiyasına uyğun olaraq həyata keçirilən tədbirlər göz qabağındadır. Bu gün imzalanan Anlaşma Memorandumu da karbon qazının azaldılması niyyətinə öz töhfəsini verəcək”, - deyə Baba Rzayev vurğulayıb.