Dünya Bankı Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır

2024.02.20 10:47 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarında səfərdə olan energetika naziri Pərviz Şahbazov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sahəsində çoxşaxəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Ölkəmizdə enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, əməkdaşlıq gündəliyində olan prioritet layihələrin icrasının sürətləndirilməsi, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdıran vitse-prezident Antonella Bassani bildirib ki, Dünya Bankı COP-a sədrlik edən ölkə olaraq Azərbaycana yaşıl enerji keçidi üzrə əldə etdiyi irəliləyişləri nümayiş etdirməkdə, birgə layihələrin tezliklə reallaşmasında və iddialı islahat gündəliyinin icrasında kömək etməyə hazırdır.

Görüşdə, həmçinin, 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, damüstü günəş panelləri, enerji saxlanc sistemləri, “yaşıl hidrogen”, enerji səmərəliliyi və emissiyaların azaldılması üzrə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.