Vergi Məcəlləsinin 159, 174.3 və 174.4-cü maddələrinə əsasən, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirildiyi halda 2022-ci ilin yanvarın 1-dən 3 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Belə olan halda vergi ödəyicisi kənd təsərrüfatı mallarının uçotunu ayrılıqda aparmalıdır və Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən, bu malların alışı zamanı ödədiyi ƏDV məbləğləri əvəzləşdirilmir.
Misal 1: “BY” MMC kənd təsərrüfatı mallarını idxal edən zaman gömrük orqanlarına malların invoys və gömrük rüsumları daxil 50.000 manat və 9.000 manat ƏDV məbləği ödəyib. MMC əldə etdiyi malları digər vergi ödəyicisinə 65.000 manata təqdim edib.
Malın maya dəyəri – 50.000 + 9.000 = 59000 manat;
Ticarət əlavəsi – 65.000 – 59.000 = 6.000 manat;
Ticarət əlavəsindən hesablanan ƏDV - 6.000 x 18% = 1.080 manat.
Lakin 2024-cü ildən etibarən, Vergi Məcəlləsinin 175.13-cü maddəsinə əsasən, kənd təsərrüfatı mallarını idxal edən şəxslərin gömrük orqanlarına ödədikləri ƏDV məbləğini tam şəkildə əvəzləşdirmək hüququ vardır. Həmin şəxslər əldə etdikləri malları təqdim edən zaman ƏDV məbləğini ticarət əlavəsindən deyil, malın tam dəyərindən hesablamalıdırlar.
Misal 2: “BY” MMC kənd təsərrüfatı mallarını idxal edən zaman gömrük orqanlarına malların invoys və gömrük rüsumları daxil 50.000 manat və 9.000 manat ƏDV məbləği ödəyib. MMC əldə etdiyi malları digər vergi ödəyicisinə 56.000 manata təqdim edib:
Malın maya dəyəri – 50.000 manat;
Əvəzləşdirilən ƏDV - 9.000 manat;
Hesablanan ƏDV – 56000 x 18% = 10.080 manat;
Büdcəyə ödəməli ƏDV – 10.080 – 9.000 = 1.080 manat.
Hər iki misala baxsaq, görərik ki, şəxsin əldə etdiyi rentabellik və büdcəyə ödəyəcəyi ƏDV hər iki misalda eyni rəqəmlərdir. Lakin unutmaq olmaz ki, yeni metodla alınan mallar cari ayda satılmaya bilər. Ancaq şəxsin ödədiyi ƏDV məbləği cari ayda əvəzləşdiriləcək.
Şəxs yeni metodu tətbiq etmək üçün öz seçimləri barəsində 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi məlumat formasını qeyd edilən müddətdə təqdim etmədikdə bu malların ƏDV məbləği əvəzləşdirilmir və ƏDV ticarət əlavəsindən hesablanır. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.