Bu ilin yanvar ayı ərzində ölkəyə 113,4 milyon ABŞ dolları dəyərində 6191 nəqliyyat vasitəsi idxal edilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2023-cü ilin eyni göstəricilərindən dəyər olaraq 10,5 faiz çox, say baxımından 10 faiz azdır.
İdxal edilən nəqliyyat vasitələrinin 19,9 faizini hibrid, 3,9 faizini isə yalnız elektrik mühərrikli nəqliyyat vasitələri təşkil edib. Ötən ilin yanvar ayının göstəricilərinə nisbətdə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 6,4 faiz bəndi, elektromobillərin payı isə 2,2 faiz bəndi artıb.
Ümumilikdə cari ilin ilk ayında ölkəyə 40,2 milyon dollar dəyərində 1235 hibrid avtomobil idxal olunub ki, bu da 2023-cü ilin eyni göstəricilərindən dəyər olaraq 90,1 faiz, say baxımından isə 32,4 faiz çoxdur.
Bununla yanaşı, yanvarda 9,66 milyon dollarlıq 239 elektromobil idxal olunub. Bu isə ötən ilin yanvar ayının göstəricilərini müvafiq olaraq 95,7 faiz və 2 dəfə üstələyir.