Endrü Auerbax: “Azərbaycanda vergi sahəsində bacarıqların daha da inkişaf etdirilməsinə böyük maraq var”

2024.02.16 11:09 (UTC+04:00)

2022-ci ilin dekabr ayında Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) layihəsinə qoşulub. Bu addım hökumətin beynəlxalq vergi əməkdaşlığına sadiqliyini və OECD çərçivəsində beynəlxalq vergi məsələləri üzrə müzakirələrdə iştirakın vacibliyini nümayiş etdirir.

Bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti və İnzibati Mərkəzinin Qlobal məsələlər və inkişaf şöbəsinin baş vergi məsləhətçisi Endrü Auerbax “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” forumuna videomüraciətində deyib.

“Azərbaycanda BEPS proqramını başlatmaq üçün keçən ilin noyabrında Bakıda gəlməkdən məmnun oldum. Ölkədə əlavə məlumatların əldə edilməsinə və vergi sahəsində bacarıqların daha da inkişaf etdirilməsinə böyük maraq var”, - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan bir il əvvəl inklüziv BEPS sisteminə qoşulsa da, ölkə hökuməti uzun müddətdir ki, BEPS-lə bağlı müzakirələri izləyir: “2019-cu ildə Bakıda BEPS üzrə regional görüş keçirilib. Bu proqrama qoşulmazdan əvvəl də ölkə transmilli müəssisələrin vergidən yayınma problemini həll etmək üçün bir çox tədbirlər həyata keçirmişdi. Bura xarici e-ticarətə nəzarət edilən korporasiyalar üçün ƏDV qaydaları, ölkələrarası mübadilələrə icazə verən qaydalar, transfer qiymətləri hesabatı və risk təhlili daxildir”.

O vurğulayıb ki, BEPS Çoxtərəfli Sənədinin imzalanması mühüm addımdır və Azərbaycanın inklüziv strukturun işinə sadiqliyi ilə bağlı beynəlxalq ictimaiyyətə güclü siqnaldır.