Endrü Auerbax: “Azərbaycan inklüziv sistemə qoşulmaq istiqamətində mühüm addım atıb”

2024.02.15 12:18 (UTC+04:00)

Azərbaycan “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nı (MLI) imzalayan 102-ci ölkə oldu və biz yaxın gələcəkdə MLI-nin ratifikasiya olunmasını səbirsizliklə gözləyirik.

Bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti və İnzibati Mərkəzinin Qlobal məsələlər və inkişaf şöbəsinin baş vergi məsləhətçisi Endrü Auerbax “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” Forumuna videomüraciətində deyib.

“Biz çox dinamik bir sahədə işləyirik”,- deyən E.Auerbaxın sözlərinə görə, son illərdə qloballaşma və rəqəmsallaşma nəticəsində vergi siyasəti və vergi inzibatçılığı dəyişikliklərə məruz qalıb: “Bu dəyişikliklərlə ayaqlaşmaq həm təşkilati, həm də fərdi səviyyədə olan məsələdir. Azərbaycan 2023-cü ilin iyulunda iki hissədən ibarət olan yekun bəyanata qoşulmaqla öhdəliklərinə sadiqliyini nümayiş etdirdi”.

O qeyd edib ki, Azərbaycan inklüziv sistemə qoşulmaq istiqamətində mühüm addım atıb ki, bu da hökumətin beynəlxalq vergi əməkdaşlığına möhkəm sadiqliyini və müasir vergi inzibatçılığının yaradılması istiqamətində gərgin əməyi əks etdirir.