Endrü Auerbax: “Azərbaycanın gələcək inkişafında vergitutma mühüm rol oynayacaq”

2024.02.15 11:49 (UTC+04:00)

Azərbaycanın gələcək inkişaf üçün böyük potensialı var və bu prosesdə vergitutma mühüm rol oynayacaq.

Bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti və İnzibati Mərkəzinin Qlobal məsələlər və inkişaf şöbəsinin baş vergi məsləhətçisi Endrü Auerbax “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” Forumuna videomüraciətində deyib.

O, Azərbaycanın vergi işçilərinin bir çox mürəkkəb vergi məsələləri üzrə peşəkarlığını, fədakarlığını və biliyini yüksək qiymətləndirib. "Daha çox öyrənmək və bacarıqlarını daha da inkişaf etdirmək üçün də böyük maraq var",- deyə ekspert əlavə edib.

“Vergi inzibatçılığında işləmək ixtiraçılıq və nəzakətli diplomatiyanın birləşməsini tələb edir. Bura daxili qanunların digər ölkələrin vergi qanunları ilə qarşılıqlı əlaqəsi, həmçinin vergi ödəyiciləri ilə ünsiyyət və ideyaların mübadilə imkanları daxildir”, - o qeyd edib.

Onun sözlərinə görə, səriştəli və səmərəli vergi inzibatçılığı həm də müsbət və biznes üçün əlverişli investisiya mühitinin yaradılmasına töhfə verir.