Masallı Sənaye Məhəlləsinin rezidenti taxta məmulatlarının istehsalına başlayacaq

2024.02.14 12:16 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsinin rezidenti “Səma-ZT” MMC fevralın sonundan sənaye məhəlləsinin ərazisində taxta məmulatlarının istehsalına başlayacaq.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin direktoru Ələsgər Tarverdiyev deyib.

Onun sözlərinə görə, hazırda istehsal üçün hazırlıq işləri aparılır. İstehsal üçün tələb olunan xammal Rusiya və Belarusdan idxal edilir. Bu məhsullar MMC tərəfindən emal olunaraq Azərbaycan bazarında satışa çıxarılacaq. Müəssisənin aylıq istehsal gücü təqribən 200-300, illik istehsal gücü isə 2000-3000 kubmetr olacaq.

Xatırladaq ki, Masallı Sənaye Məhəlləsi 2016-cı ildə Masallı rayonunda mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə yaradılıb. Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır.

İlhamə İSABALAYEVA