Dulatbek Kıdırbekulı: “COP29 Azərbaycanı əhatə edən ölkələr üçün də mühüm əhəmiyyət kəsb edir”

2024.02.12 14:02 (UTC+04:00)

Azərbaycan istixana qazı emissiyalarını azaltmağı hədəfləyir.

Bu barədə "Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına qazaxıstanlı ekspert, siyasi elmlər doktoru, Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin professoru Dulatbek Kıdırbekulı məlumat verib.

Onun sözlərinə görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsini Azərbaycan üçün haqlı olaraq tarixi hadisə adlandırmaq olar: “Bu, BMT-nin ölkəyə göstərdiyi yüksək etimaddır. Eyzi zamanda, Azərbaycanın qlobal səviyyədə nüfuzunun xeyli artdığından xəbər verir. BMT konfransının mövzusuna gəlincə, heç bir ölkə iqlim dəyişikliyindən sığortalanmayıb. Konfransın Bakıda keçirilməsi təkcə dünya üçün deyil, Azərbaycanı əhatə edən ölkələr üçün də mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, qeyd etmək olar ki, postsovet məkanında qlobal səviyyədə konfrans və ya forumların keçirilməsi nadir haldır. Ona görə də bu konfrans qlobal ekoloji problemlərin həllində növbəti addım olacaq”.

Onun sözlərinə görə, Azərbaycanda yanacaq-energetika kompleksinin inkişafı ilə bağlı uzun illər ərzində müəyyən edilmiş və dövlət başçısı tərəfindən səsləndirilmiş dəqiq strategiya var. Bu strategiya çərçivəsində qlobal bazarın tələbləri və BMT-nin iqlim gündəliyi nəzərə alınmaqla sahələrin hər biri (neft-qaz hasilatı və ixracı) özünəməxsus yer tutur.

“Çoxsaylı neft, qaz və enerji sazişləri olan Azərbaycanın inkişafla bağlı aydın baxışı var. Bu vəziyyət Azərbaycanla etimadlı və uzunmüddətli beynəlxalq münasibətlərin qurulmasına, onun ən mühüm qlobal və regional məsələlərdə mövqeyinin başa düşülməsinə töhfə verir, qlobal dəyərlərə hörmət edən sabit dövlət kimi əhəmiyyəti və nüfuzunu artırır”, - ekspert əlavə edib.

Tamilla MƏMMƏDOVA