Meksikaya ixrac əməliyyatlarının artırılması perspektivləri yüksəkdir

2024.02.12 12:08 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyətinin cari il ərzində Meksikaya səfəri planlaşdırılıb.

Agentlikdən verilən məlumata görə, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Meksika Konqresinin üzvü və Meksika-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Alberto Viya Viyeqasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Bildirilib ki, münasibətlərin iqtisadi müstəvidə də inkişaf etdirilməsi məqsədilə bu ölkədə fəaliyyət göstərən mühüm şirkətlərlə görüşlərin keçirilməsi səfərin proqramına daxil edilib.

Öz növbəsində Alberto Viya Viyeqas ölkələr arasında ticarət mübadiləsinin genişlənməsi, xüsusilə Azərbaycandan Meksikaya ixrac əməliyyatlarının artırılması perspektivlərini yüksək qiymətləndirib. Meksika Konqresinin rəsmisi hər iki ölkənin səfirlərinin bu istiqamətdə aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb, o cümlədən AZPROMO-nun planlaşdırılan səfəri zamanı əlaqələndirmə işlərində dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Görüşdə iştirak edən Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero ölkəsində həyata keçirilən irimiqyaslı infrastruktur layihələri haqqında bəhs edərək, ölkəmizin Meksika şirkətləri ilə ikitərəfli investisiya tərəfdaşlığının qurulması istiqamətində birgə tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.