İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində indiyədək 162 milyon manatdan çox məhsul istehsal edilib. Eyni zamanda Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2022-ci ildə Sənaye Məhəlləsində 38 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2023-cü ildə 3 dəfədən çox (118 milyon manatdan çox) məhsul istehsal olunub.
Sənaye Məhəlləsində ümumi investisiya həcmi 164,5 milyon manat olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 9-u fəaliyyətə başlayıb. Bugünədək Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 45,6 milyon manat investisiya yatırılıb, 220-dən çox daimi iş yeri yaradılıb.
Növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 119 milyon manat investisiyanın yatırılması, 1500-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır.
Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, nəqliyyat vasitələri üçün əyləc bəndlərinin, istilik izolyasiya məhsullarının, plastik qabların, tikinti materiallarının, plastik taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.
Qeyd edək ki, sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb.