Öncə taksi sifarişi operatorları dedikdə hansı vergi ödəyicilərinin nəzərdə tutulduğunu aydınlaşdıraq. "Avtomobil nəqliyyatı haqqında" Qanunun 1.0.34-cü maddəsinə əsasən, taksi sifarişi operatoru taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkardır. Maddədə qeyd edilən taksi sifarişi xidməti dedikdə isə telekommunikasiya vasitələrindən istifadə etməklə taksi minik avtomobili sifariş etmək istəyən şəxsdən sifarişi qəbul edib həmin daşımaları həyata keçirən şəxsə ötürməklə bağlı ödənişli xidmət başa düşülür.
Artıq 1 yanvar 2024-cü il tarixdən taksi sifarişi operatorları Dövlət Vergi Xidmətinin müəyyən etdiyi formada aylıq məlumatları hər ay başa çatdıqdan sonra, növbəti ayın 20-dən gec olmayaraq, elektron formada təqdim etməlidirlər.
Bir məsələni də qeyd edək ki, Vergi Məcəlləsində edilən digər dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 16.1.11-13-cü maddəsində göstərilən məlumatları müəyyən edilən müddətdə təqdim etməyən və ya təhrif olunmuş məlumatları təqdim edən taksi sifarişi operatorlarına Vergi Məcəlləsinin 57.8-ci maddəsinə əsasən 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
İnzibati Xətalar Məcəlləsinin 326-20-ci maddəsinə əsasən isə 1 yanvar 2024-cü ildən icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10.000 manat məbləğində, hüquqi şəxslər 40.000 manat məbləğində cərimə edilir.