Onun sözlərinə görə, investisiya mühitinin şəffaflaşdırılması yerli sahibkarların fəaliyyətini stimullaşdıracaq. Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi əlavə iş yerlərinin açılmasına səbəb olacaq, məşğulluq imkanlarının artmasına öz təsirini göstərəcək.
Birlik sədri əlavə edib ki, Rəqabət Məcəlləsinin qəbulu ölkə iqtisadiyyatı üçün xeyli yeni imkan və fürsətlər yaradacaq, çox əhəmiyyətli iqtisadi proseslərə səbəb olacaq, ölkədə rəqabət mühitinin daha da şəffaflaşdırılmasına əhəmiyyətli təsir göstərəcək: “Sözsüz ki, bu sənəd bazarda inhisarçı mövqedə olan şirkətlərin bazar payının tənzimlənməsinə imkan yaradacaq. Rəqabət Məcəlləsi həm də süni qiymət artımının qarşısını alacaq”.
İqtisadçının fikrincə, ölkənin idxal imkanları, eləcə də kiçik və orta sahibkarların idxalla məşğul olma imkanları genişlənəcək: “Sözsüz ki, bu cür vəziyyətdə şəffaf rəqabət mühiti formalaşır. Bu da qiymətlərin tələb və təklif əsasında formalaşmasına imkan yaradır. Bu baxımdan Rəqabət Məcəlləsinin qəbul olunması qiymətlərin tənzimlənməsinə və liberallaşmasına, tələb-təklif əsasında formalaşmasına töhfə verəcək. Digər tərəfdən, kəskin mübarizə aləti kimi inflyasiyanın templərinə öz əhəmiyyətli təsirini göstərəcək”.
E.Kərimli qeyd edib ki, Rəqabət Məcəlləsi təkcə sahibkarlığın inkişafına deyil, ümumi iqtisadiyyatın inkişafı və büdcə gəlirlərinin artmasına, xarici ticarət dövriyyəsinin artmasına və sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsir göstərəcək. Məcəllənin qəbulu, əsasən, kiçik və orta sahibkarlıqla məşğul olan subyektlərin fəaliyyətinin inkişafına gətirib çıxaracaq.
İqtisadçı hesab edir ki, Məcəllənin qəbul edilməsi təqdirəlayiq hal olsa da, onun tətbiqindən irəli gələn nəzarət tədbirlərinin də həyata keçirilməsinə ciddi ehtiyac var. Müvafiq icra orqanları bu Məcəllədən irəli gələn məsələlərin icrasına nəzarət etməli və diqqətdə saxlamalıdır: “Çünki biz rastlaşmışıq ki, bəzən mütərəqqi qanunların icrasında müəyyən problemlər yaranır və ya yetərincə icra edilmir. Fikrimcə, bu sahədə elektronlaşdırmanın tətbiqi insan amilinin aradan qaldırılmasına xidmət edəcək”.