Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir

2024.02.07 09:42 (UTC+04:00)

Fevralın 7-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 7 namizəd mübarizə aparır.

Səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir.

Ümumilikdə 6 milyon 524 min 203 seçki bülleteni çap edilib.

Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Səsvermə günü Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair operativ məlumatlar yayımlanacaq.

Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) qoşulub. Bu kameralar vasitəsilə seçki məntəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən axıradək Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkündür. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı mətbuatda dərc olunub və MSK-nın internet səhifələrində yerləşdirilib.

Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir.

Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 89 min 366-dır.

Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.

Səsvermə saat 19:00-da başa çatacaq.

AZƏRTAC