Aqrar sığortadan faydalanan fermerlərin sayı artır

2024.02.05 15:40 (UTC+04:00)

2023-cü ildə Azərbaycanda sığortalanmış əkinlərin sahəsi 380 476 hektar olub ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 114 min hektar və ya 43 faiz çoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bitkiçilik sahəsindən toplanan sığorta haqlarının məbləği 13 milyon manat təşkil edərək əvvəlki ilin göstəricisini 4,2 milyon manat və ya 48 faiz üstələyib. Nəticədə Aqrar Sığorta Fondunun bitkiçilik üzrə qarşıladığı sığorta təminatı yarım milyard manatı keçərək 506 milyon manata yüksəlib. 2023-cü ildə ölkədə ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq və qarğıdalı əkinləri olub.

Ümumilikdə isə əkin sahələrinin sığortası üzrə sığorta müqavilələrinin sayı 47 minə yaxınlaşıb ki, bu da əvvəlki illə müqayisədə 4 min müqavilə artıqdır. 2023-cü ildə aqrar sığorta mexanizmi vasitəsilə 6500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7800 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 3,9 milyon manat sığorta haqqı toplanıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib.