Azərbaycan prioritet sahə kimi yaşıl iqtisadiyyata böyük önəm verir.
Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığının sədri, Tacikistan Peşəkar Məsləhətçilər İttifaqının İdarə Heyətinin sədri Larisa Kislyakova bildirib.
“COP29-un Bakıda keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunun daha da artmasına təkan verəcək. Bu tədbir ölkənin istək və səylərini beynəlxalq ictimaiyyətə çatdırmağa kömək edəcək. COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni məqsəd müəyyən edilib və bu məqsəd Yaşıl İqlim Fondunun mühüm tərkib hissəsi olacaq”, - L.Kislyakova qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan böyük beynəlxalq tədbirlərin təşkilatçısı kimi müsbət imic qazanıb.
Ekspert qeyd edib ki, iqlim dəyişikliyi bütün qitələrdəki ölkələrə təsir edir. Bu dəyişikliklər ölkələrin iqtisadiyyatını məhv edir, insanların həyatına təsir edir: “COP29 konfransının keçirilməsini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab etmək olar”, - L.Kislyakova bildirib.
Tamilla MƏMMƏDOVA