Sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejimi tənzimlənib

2024.02.02 17:17 (UTC+04:00)

Nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi istiqamətində Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri də sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergi rejiminin tənzimlənməsi ilə bağlıdır.

Belə ki, dəyişiklik ölkədaxili yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin vergitutma rejiminin sadələşdirilmiş qaydada, əldə edilən gəlirin məbləğindən asılı olmayaraq, Vergi Məcəlləsinin 220.5-ci maddəsində müəyyənləşdirilmiş vergi dərəcələri ilə yerinə yetirməsinin ləğvini nəzərdə tutur. Həmin şəxslər vergi öhdəliklərini 2% dərəcə ilə sadələşdirilmiş vergi və ya mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirəcək (rüb ərzində 30% limit nəzərə alınmaqla), eyni zamanda illik dövriyyə 200 min manatı keçdikdə, məcburi ƏDV qeydiyyatı öhdəliyi yaranacaq.

Sərnişin daşınması ilə məşğul olanlara münasibətdə isə mövcud vergi rejimi saxlanılır və bu şəxslərə (taksi istisna olmaqla) göstərilən xidmətlərin dəyəri nağdsız qaydada əldə olunarsa, könüllü qaydada ƏDV qeydiyyatına durmaqla, fəaliyyətlərini mənfəət (gəlir) vergisi və ƏDV ödəyicisi kimi davam etdirmək hüququ verilir.

Bu istiqamətdə digər dəyişiklik taksi sifarişi operatorlarının müəyyənləşdirilən aylıq məlumatları malik olduqları informasiya sistemi vasitəsilə Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürməsini nəzərdə tutur. Həmin məlumatları vaxtında təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən taksi sifarişi operatorlarına 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.