COP29 tədbirinin enerji istiqaməti üzrə birgə seminar keçiriləcək

2024.02.02 15:19 (UTC+04:00)

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə COP29 ilə bağlı hazırlıq işləri, Azərbaycanın bu beynəlxalq tədbirə sədrliyindən irəli gələn məsələlər, eləcə də ölkənin yaşıl enerji keçidi üzrə fəaliyyəti müzakirə edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, nazir Pərviz Şahbazov ölkəmizin COP28 tədbirində bir sıra qlobal təşəbbüslərə qoşulduğunu qeyd edərək bildirib ki, Azərbaycan COP29-a sədrliyi dövründə “yaşıl inkişaf”la bağlı kursunun icrasını davam etdirməklə və dekarbonizasiyanı sürətləndirməklə yanaşı, qlobal miqyasda iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfələrini artırmağı hədəfləyir. COP29 qlobal enerji keçidi prosesində Azərbaycanın rolunu nümayiş etdirən platforma olacaq.

İcraçı katib Saymon Stil COP29 tədbirinin təşkili, həmçinin enerji və ətraf mühit aspektlərində diqqət yetirilməli məsələlərlə bağlı fikirlərini bölüşüb, sıx əməkdaşlıq edilməklə Katibliyin prosesə dəstəyini ifadə edib. Saymon Stil Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin COP29-un da uğurla keçirilməsinə töhfə verəcəyini bildirib.

Söhbət zamanı COP29 tədbirinin enerji istiqaməti üzrə birgə seminarın keçirilməsi razılaşdırılıb.