Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsinə stimulların yaradılması məqsədilə vergi və sosial qanunvericiliklərə mühüm dəyişikliklər edilib, vergi ödəyicilərinə əhəmiyyətli vergi güzəştləri və azadolmalar təqdim edilib. Aparılan işlərin nəticəsi olaraq, cari ilin ötən dövründə ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda əhəmiyyətli artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.
2019-cu ilin iyun ayının sonuna ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 7,3 faiz və ya 101,66 min nəfər, o cümlədən qeyri-dövlət sektorunda 14 faiz və ya 77 min nəfər artıb. Bağlanmış əmək müqavilələrinin ümumi sayı üzrə artımın 75,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. Təkcə iyun ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 11.000-ə qədər artım qeydə alınıb. Cari ilin 6 ayı ərzində qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımının 26,3 faizi ticarət, 18,9 faizi xidmət, 18,7 faizi sənaye sektorunun payına düşüb. Həmçinin cəmi əməkhaqqı fondunda da artım göstəriciləri müşahidə olunur.
Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalardakı əhəmiyyətli artım əmək bazarında başlanmış şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.
2019-cu ilin yanvar-may aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz artaraq 1 milyard 21,6 milyon manat təşkil edib, bu sahədən daxilolmalar üzrə proqnozlar 113,8 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,9 faiz artaraq 667,5 mln. manat təşkil edib, proqnozlar 117,1 faiz icra olunub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 74,2 faiz artaraq 39 milyon manat təşkil edib, proqnozlar 116,5 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalar 87,8 faiz artaraq 28,9 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnozlar 120,6 faiz icra edilib. 5 ayda bu təşkilatların cəmi daxilolmada xüsusi çəkisi 68,7 faizdən 74,2 faizə yüksəlib.
Beləliklə, qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi nəticəsində itirilən vergi məbləğinin tam olaraq sosial sığorta və işsizlikdən sığorta haqları üzrə əlavə daxilolmalar hesabına kompensasiya edilməsi prosesi müşahidə olunur.