Mauritsio Qeri: “COP29 gələcək addımların müəyyən edilməsində mühüm rol oynayacaq”

2024.02.02 10:47 (UTC+04:00)

Azərbaycanın bərpa olunan enerji mənbələri, xüsusilə də aşağı karbonlu yaşıl hidrogen sahəsində böyük potensialı var.

Bunu NATO-nun Dəniz Tədqiqatları və Təcrübələri Mərkəzinin analitiki Mauritsio Qeri “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına bildirib.

"Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə mübarizə üçün gələcək addımların müəyyən edilməsində mühüm rol oynayacaq. Avropa İttifaqı COP29-un imkanlarından səmərəli istifadə etməli və bu tədbiri Avropa-Türkiyə-Mərkəzi Asiya enerji və ticarət əməkdaşlığının yeni dövrünü formalaşdıran hadisəyə çevirməlidir",- o deyib.

Ekspertin fikrincə, neft və qazla zəngin Azərbaycan həm də əhəmiyyətli dərəcədə bərpa olunan enerji potensialına malikdir, Cənubi Qafqazın iqtisadi inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir, Avropa, Türkiyə və Mərkəzi Asiya arasında coğrafi və mədəni körpüdür: “İqlim dəyişikliyi üzrə Paris Sazişinə əsasən, ölkə 1990-cı illə müqayisədə 2030-cu ilə qədər emissiyaları 35 faiz azaltmağı öhdəsinə götürüb. Azərbaycan karbonsuzlaşdırma və iqtisadiyyatın şaxələndirilməsinə, innovasiyaların dəstəklənməsinə, təbii və insan kapitalının inkişafına daha çox diqqət yetirməklə öz yaşıl iqtisadiyyatının transformasiyasını sürətləndirə bilər".

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa gəlincə, 2022-ci ilin dekabrında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb: “Xəzər regionu və Mərkəzi Asiya regional və qlobal enerji ehtiyaclarını ödəmək üçün külək, günəş və su enerjisi sahəsində böyük potensiala malikdir. Aİ-nin Mərkəzi Asiyada su, enerji və iqlim üzrə “Global Gateway” təşəbbüsü onun regionda yaşıl keçidi dəstəkləməyə sadiqliyini nümayiş etdirir. Bəzi alimlər iddia edirlər ki, Aİ bu əsas sektorlara diqqət yetirməklə, yaşıl iqtisadiyyata keçiddə Mərkəzi Asiyanın dayanıqlığını, rifahını və regional əməkdaşlığını gücləndirə bilər", - ekspert qeyd edib.