Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq qərarı istər Avropa və dünya iqtisadiyyatı, istərsə də Böyük Britaniyanın öz iqtisadiyyatı üçün ciddi problemlər yaratmaqdadır. Ölkədaxili problemlərdən biri də xəzinənin doldurulması məqsədilə vergi yükünün artırılmasıdır. Zaman keçdikcə başqa problemlər də aktuallaşır. Tərəflər arasında ayrılmaq barədə razılıq olmadan Böyük Britaniyanın Avropa İttifaqından çıxması ölkənin dövlət büdcəsinin 90 milyard funt sterlinq (114 milyard dollar) itki ilə üzləşməsinə gətirib çıxara bilər. Maliyyə naziri Filip Hammond Britaniya parlamentindəki çıxışında bildirib ki, hökumətin apardığı təhlillərə əsasən, razılaşma olmadan Avropa İttifaqından qəfil ayrılmaq xəzinə üçün zərbə olacaq: "Bu ona gətirib çıxaracaq ki, uzunmüddətli perspektivdə nə vergilərin azaldılması, nə də xərclərin artırılması üçün əlimizdə pul olacaq".