İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Sakuraz Green Energy” şirkəti ölkədə ilk dəfə olaraq litium akkumulyatorlarının istehsalına başlamağı planlaşdırır.
Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına “Sakuraz Green Energy” MMC-nin direktor müavini Əhmədiyyə Cabbarov deyib.
Onun sözlərinə görə, artıq 3 aydır ki, “Sakuraz Green Energy” litium akkumulyatorlarının bərpası ilə məşğuldur: "Hazırda litium olmayan akkumulyatorları da bərpa edirik. Yaxın gələcəkdə isə sırf litium akkumulyatorlarının istehsalına başlayacağıq. Bunun üçün ayrıca zavodun qurulmasına ehtiyac yoxdur. İstehsal hazırkı zavodda olacaq. Artıq istehsal üçün lazımi avadanlıqlarımız var. Hazırda həmin avadanlıqlarla bərpa işləri aparırıq, bu avadanlıqlar həm də istehsal üçün yararlıdır".
Ə.Cabbarov əlavə edib ki, mütəxəssislər istehsal üzrə təlimlərdə iştirak edirlər. Təlimlər bitdikdən sonra, yaxın 5 ayda istehsala başlamaq planlaşdırılır. İstehsal, eyni zamanda, bərpa üçün üçün lazım olan xammal İsrail və Çindən gətirilir.
Ə.Cabbarov qeyd edib ki, istehsal edilmiş məhsullar ilk növbədə yerli bazar üçün nəzərdə tutulacaq. Tələbat az olarsa, ixrac da həyata keçiriləcək: "Bizim üçün bir nömrəli ixrac bazarı Rusiya və Ukraynadır. Düşünürük ki, İsrailə də məhsul ixrac edə bilərik. Qazaxıstan və Belarus da bizim üçün hədəf ölkələrdir".
Direktor müavini qeyd edib ki, istehsala başladıqdan sonra Azərbaycan dünyada litium akkumulyatorları istehsal edən azsaylı ölkələrdən biri olacaq. Ə.Cabbarovun sözlərinə görə, yaxın bir ildə zavodun genişləndirilməsini nəzərdə tuturlar: "Hazırda işlədiyimiz böyük strukturlarda batareya sayı həddindən artıq çoxdur. Bizdə olan avadanlıqlar həmin batareyaları bərpa etmək etmək üçün kifayət etmir. Ona görə də zavodu genişləndirmək barədə düşünürük".
Ə.Cabbarov bu məqsədlə təqribən 800 min - 1 milyon manat investisiyaya ehtiyac olduğunu söyləyib.
Xatirladaq ki, litium akkumulyatorları sənaye ilə yanaşı, elektriklə işləyən avtomobillərdə, elektrikli skuterlərdə, velosipedlərdə və s. geniş istifadə edilir.
İlhamə İSABALAYEVA