Azərbaycanın qlobal iqtisadiyyatda və Cənubi Qafqazın dünya iqtisadiyyatına inteqrasiyasında rolu yüksək qiymətləndirilir.
Bunu NATO-nun Dəniz Tədqiqatları və Təcrübələri Mərkəzinin analitiki Mauritsio Qeri “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına bildirib.
Onun sözlərinə görə, Azərbaycan Şərqlə Qərb, Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır. Ölkə regional inteqrasiyanın özəyini təşkil edir və “ox” rolunu oynayır: “Bu mənada “ox” Cənubi Qafqazın inteqrasiyasına kömək etməyə ən yaxşı hazır olan ölkə deməkdir. Azərbaycan Cənubi Qafqaz regionunun qlobal iqtisadiyyata inteqrasiyasına kömək edəcək böyük, sabit və inkişaf edən ölkədir. Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində də böyük potensiala malikdir”.
Analitikin sözlərinə görə, Azərbaycan üçün mühüm stimullardan biri də işğaldan azad edilmiş ərazilərdir: “30 illik münaqişə başa çatdıqdan sonra Azərbaycanda işğaldan azad edilmiş ərazilərin inkişafına sərmayə yatırmaq üçün təkan yarandı”.
M.Qeri vurğulayıb ki, müasir “ağıllı şəhər”lər və ölkənin işğaldan azad edilmiş əraziləri Azərbaycanın təkcə regionun mərkəzi deyil, həm də Xəzər dənizində körpü rolu oynamasına kömək edəcək.
Tamilla MƏMMƏDOVA