Yaxın vaxtlarda azərbaycanlı iş adamlarına digər ölkələrin (Türkiyə, Avropa və s.) biznes qurumları ilə sənədləri idarə etmək və imzalamaq imkanı verən yeni portalın istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına B.EST Solutions şirkətinin təsisçisi və rəhbəri Yana Krimpe deyib.
Onun sözlərinə görə, bu addım rəqəmsal imzaların transsərhəd istifadəsi perspektivləri ilə bağlı suala müvafiq cavabdır.
“Biz fəaliyyət göstərdiyimiz illər ərzində Azərbaycanda istifadəyə verilən elektron imzaların transmilli istifadəsi prosesini sürətləndirmək məqsədilə bir neçə dəfə “Təsdiqləmə Mərkəzi”nin yaradılması təşəbbüsünü irəli sürmüşük. Amma özəl şirkət olaraq biz öz ideyalarımızı yalnız bu cür təşəbbüslərin təşviqinə cavabdeh olan dövlət qurumlarına təklif edə bilərik. Bu Mərkəzin yaradılması Azərbaycanın inkişaf etmiş rəqəmsal ölkəyə çevrilməsi yolunda mühüm mərhələ olacaq, malların, xidmətlərin və məlumatların sərhədlər arasında maneəsiz daşınmasını asanlaşdıracaq, iqtisadi artım və inkişaf üçün yeni imkanlar yaradacaq”, - deyə Y.Krimpe qeyd edib.