Elektron qaimə-faktura: malların alğı-satqısı necə sənədləşdirilir?
2019.07.03 11:41 (UTC+04:00)
Dəyişikliklərə görə, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir. Bu, hər şeydən əvvəl, həm istehsalçı müəssisələrin, həm də topdan və pərakəndə satış fəaliyyəti göstərən sahibkarların maraqlarına uyğundur. Çünki elektron qaimə-faktura istehsalçıların məhsullarını satan ticarət obyektləri arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsinə, operativliyin təmin olunmasına, inzibatçılıq xərclərinin azaldılmasına xidmət edir. Malların alğı-satqısının qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi həm də sahibkarların öz xərclərini təsdiq edən sənədlərə malik olması deməkdir. Bu isə vergi orqanları ilə yarana biləcək fikir ayrılıqlarının qarşısının bəri başdan alınması, şəffaflığın təmin olunması deməkdir.
Bəs istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərində malların alğı-satqısının rəsmiləşdirilməsi üçün hansı sənədlər tələb olunur? Vergi Məcəlləsinin 130-cu maddəsi gəlirin və xərcin uçotunun aparılması qaydasını müəyyən edir. Həmin maddəyə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Malların alğı-satqısının qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi
vergi orqanları ilə yarana biləcək fikir ayrılıqlarının qarşısının
əvvəlcədən alınması, şəffaflığın təmin olunması deməkdir
Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 130.1.1 maddəsində deyilir ki, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müəyyənləşdirilmiş qaydalara əsasən, istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi orqanlarında uçotda olan şəxslərdən, o cümlədən malsatan və podratçılardan satın alınan istehsal ehtiyatları aşağıdakı kimi sənədləşdirilir:
- İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb olunur və belə malların anbara təhvil verilməsi "İstehsal ehtiyatlarının təhvil-qəbul aktı" ilə sənədləşdirilir.
- İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb olunur və belə malların anbara təhvil verilməsi "İstehsal ehtiyatlarının təhvil-qəbul aktı" ilə sənədləşdirilir.
- İstehsal ehtiyatları vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, "İstehsal ehtiyatlarının alış aktı" tərtib edilir. Həmin aktda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) dəqiq göstərilməsi mütləqdir. Belə istehsal ehtiyatlarının anbara təhvil verilməsi "İstehsal ehtiyatlarının təhvil-qəbul aktı" ilə sənədləşdirilir.
- Vergi ödəyicisi istehsal ehtiyatlarını təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə, yəni inzibati-təsərrüfat fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən mal və xidmətlərin alışını həyata keçirənə vəkalətnamə (etibarnamə) verir. İstehsal ehtiyatlarının alışı zamanı təhtəlhesab şəxs satıcıya vəkalətnamə (etibarnamə) təqdim etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə) verən vergi ödəyicisinin adına sənədləşdirilmiş istehsal ehtiyatlarının satışına dair qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir. Təhtəlhesab şəxsin istehsal ehtiyatlarını anbara və ya istehsal sahəsinə təhvil verməsi "İstehsal ehtiyatlarının təhvil-qəbul aktı" ilə sənədləşdirilir.
- İdxal olunan istehsal ehtiyatlarının anbara və ya istehsal sahələrinə mədaxili alış dəyərini təsdiq edən sənəd və istehsal ehtiyatlarının anbara və ya istehsal sahələrinə təhvil verilməsi ilə bağlı tərtib olunan "İstehsal ehtiyatlarının təhvil-qəbul aktı" ilə sənədləşdirilir. İdxal olunan istehsal ehtiyatları uçota alınarkən həmin istehsal ehtiyatlarının idxalına dair gömrük bəyannamələri, faktura (invoys) və istehsal ehtiyatlarının satın alınmasına dair müqavilə əsas götürülür. Həmin sənədlərə idxal olunan istehsal ehtiyatlarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal olunan istehsal ehtiyatları uçot sənədlərində qeydiyyata alınarkən həmin istehsal ehtiyatlarının alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, yüklənmə, boşaldılma, yenidən yüklənmə və sığorta xərclərinin cəmi nəzərə alınır.
- İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti "İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" ilə sənədləşdirilir. İstehsal fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, topdan və ya pərakəndə satış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların (hazır məhsulların) istehsal fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması "Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" ilə sənədləşdirilir.
Elxan SALAHOV