İrfan Şahzad Təkalvi: “COP29 iqlim dəyişikliyi ilə mübarizəyə effektiv reaksiyanın başlanğıcı olacaq”

2024.01.31 11:24 (UTC+04:00)

Azərbaycan qazı qlobal enerji keçidi üçün mühüm katalizator ola bilər.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına pakistanlı ekspert, Avrasiya Əsri İnstitutunun direktoru İrfan Şahzad Təkalvi deyib.

“Son illər Azərbaycanın qlobal problemlərin həllinə müsbət töhfə verən BMT üzvü kimi əhəmiyyəti artır. Bu, başadüşülən və məntiqlidir, çünki Bakı bəşəriyyətin üzləşdiyi problemlərin həllində çox faydalı ideyalar irəli sürüb və strategiyalar işləyib hazırlayıb. İqlim dəyişikliyi belə hadisələrdən biridir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərar bir daha sübut edir ki, dünya Azərbaycanın bu sahəyə verdiyi geniş töhfəni qəbul edir”, - ekspert bildirib.

İ.Ş.Takalvi Bakının həm də böyük beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi özünü təsdiq etdiyini vurğulayıb. Onun fikrincə, bu meqatədbir ölkə üçün inkişaf strategiyalarını və bəşəriyyətin gələcəyinə baxışı nümayiş etdirmək üçün bir şans olacaq: “Azərbaycan, mədən yanacaqlarının istehsalçısı və ixracatçısı olmasına baxmayaraq, karbon qazı emissiyalarının azaldılmasına böyük maraq göstərir və bütün səylərini bu istiqamətə yönəldir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın üç regionu “yaşıl enerji zonaları” elan etməsi onun bu istiqamətdəki səylərini daha da gücləndirəcək.

“Çox sevindirici haldır ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar dünyanın 200-ə yaxın ölkəsi tərəfindən yekdilliklə qəbul edilib. İndi bu dövlətlər tədbirin real uğurunun təmin edilməsində Bakıya dəstək verməlidirlər. Bu hadisə dünyanın iqlim dəyişikliyi ilə mübarizəyə effektiv reaksiyası üçün başlanğıc və təkan olacaq”, - ekspert əlavə edib.

Tamilla MƏMMƏDOVA