"İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində sahibkarlığın inkişafı ilə bağlı sahibkarlıq subyektlərinə müraciət etmişdik. İndiyədək 107 hüquqi və fiziki şəxs tərəfindən müraciət daxil olub".
Bunu 2023-cü ilin yekunlarına dair mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib.
Onun sözlərinə görə, müraciətlər şərti olaraq 3 əsas sahəyə bölünür: “Birinci istiqamət ticarət, ictimai iaşə, məişət xidmətlərini, yanacaqdoldurma, nəqliyyat sahəsində texniki servis və s. sektorları əhatə edir. Bu istiqamət üzrə artıq Xankəndidə 2 yanacaqdoldurma məntəqəsi, 2 market, 1 çörəkbişirmə sexi fəaliyyətə başlayıb. Həmin obyektlərdə 23 nəfər işlə təmin olunub. Onlardan 5-i məcburi köçkündür. Fevral ayının sonuna kimi daha 2 yanacaqdoldurma məntəqəsinin, 1 mobil operatorun, 1 market, 1 bərbər salonunun fəaliyyətə başlaması, ümumilikdə 40-a yaxın yeni iş yerinin açılması təmin ediləcək”.
M.Eynullayev əlavə edib ki, ikinci istiqamət ərazidə olan tikinti materiaillarının istehsalı və emalı müəssisələrinin fəaliyyətinin bərpa edilməsi yolu ilə bərpa-qurucluq və tikinti işlərinin sürətləndirilməsinə nail olmaqdır. Artıq 2 beton istehsalı, 3 mərmər-daş qranit sexinin fəaliiyyəti üçün operatorlar seçilib. Onlarla müqavilələrin bağlanması həyata keçirilir: “Üçüncü istiqamət həmin ərazidə yerləşən kənd təsərrüfartı məhsullarının emalı, quşçuluq, heyvandarlıq fəaliyyətinin bərpa edilməsini nəzərdə tutur. Artıq 2 heyvandarlıq müəssisəsinin bərpası üzrə operatorlar seçilib. Onlarla bağlı işlər mart ayının sonuna kimi yekunlaşacaq. Bu istiqamət üzrə ilkin mərhələdə 40-dan artıq iş yerinin açılması nəzərdə tutulur".